Niyaməddin Əhmədov intihara cəhd edib – hüquq müdafiəçisi
AXCP fəalı, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Niyaməddin Əhmədov intihara cəhd edib. Bu barədə “Müdafiə xətti” İctimai Birliyinin icraçı direktoru Rüfət Səfərov Facebook səhifəsində yazıb.
“Niyaməddin Əhmədov intihara cəhd edib, onun qarşısı alınıb. Niyaməddinin vəziyyəti çox ağırdır”, – Səfərov Əhmədovla eyni korpusda saxlanılan məhbusa istinadən bildirib.
Mənbənin məlumatına görə, Əhmədovun kamerası qarşısında gecə-gündüz nəzarət postu quraşdırılıb.
Xatırladaq ki, Niyaməddin Əhmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisidir. 16 aprel 2020-ci il tarixində karantin rejimini pozduğuna və polisə müqavimət göstərdiyinə görə 30 sutka həbs edilib.
Sonradan ona qarşı terrorizmin maliyyələşdirilməsi ittihamı irəli sürülüb və səbəb kimi xaricdən pul alması göstərilib.
Oktyabrın 8-də məhkəmə onu 13 il müddətinə azadlıqdan məhrum edib.