Müsavat başqanından 18 Oktyabr təbriki
Müsavat Partiyasının başqanı Arif Hacılı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasinəti ilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
18 Oktyabr Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir.
Xalqımız bu günə doğru çox uzun bir yol keçib.
Yalnız 1920-ci ilin aprel ayının 28-dən 1923-cü ilin avqust ayınadək Azərbaycanda 48 min nəfər əsasən Müsavat üzvü, istiqlal məfkurəsi daşıyıcısı olan soydaşımız repressiya qurbanı oldu, qətlə yetirildi.
Sonrakı illərdə müsavatçılar, Cümhuriyyət hökumətinin nümayəndələri, Cümhuriyyət ordusunun əsgər və zabitləri Solovki, Sibir həbs düşərgələrinə göndərilərək məhv edildi.
Amma xalqımızın müqavimət gücü tam əzilib məhv olmadı.
M.Ə.Rəsulzadə və onun silahdaşları istiqlal məfkurəsini, Milli Cümhuriyyətin bərpası ideyasını, üçrəngli istiqlal bayrağımızı qoruyub saxlamağa nail oldular.
Təsadüfi deyil ki, 1988-ci ildə başlanan Azərbaycan Xalq Hərəkatı M.Ə. Rəsulzadənin adı ilə, “Bir kərə yüksələn bayraq, bir daha enməz”, “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarları ilə, Cümhuriyyət dəyərlərinə söykənərək başladı.
Nəhayət, 71 illik fasidən sonra, 1991-ci ilin 18 oktyabr günü Ə.Elçibəyin liderliyi, Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı, “Müstəqil Azərbaycan” blokundan olan millət vəkillərinin fədakarlığı, Azərbaycan xalqının iradəsi ilə müstəqilliyimiz bərpa olundu.
Milyonlarla soydaşımızın mübarizəsi, 20 Yanvar şəhidlərinin qanı bahasına başa gəlmiş bu qələbəmizə kölgə salmaq, bu şərəfli səhifəni tariximizdən silmək üçün nə qədər cəhdlər edilsə də baş tutmayacaq.
70 illik kommunist rejimi 28 May bayramımızı, 23 ay mövcud olmuş Cümhuriyyət dövrünü tariximizdən silə bilmədiyi kimi, kommunist rejiminin müasir varisləri də xalqımızın müstəqilliyimizin bərpası naminə apardığı şərəfli mübarizəni tariximizdən silə bilməyəcək.
Böyük M.Ə. Rəsulzadənin təbirincə desək:”Bir gün həqiqət parıldayacaq!”
Dünya Azərbaycanlılarını, o taylı bu taylı bütün Azərbaycan xalqını 18 Oktyabr Müstəqillik Günü münasinəti ilə təbrik edirəm!