Müsavat Tarif Şurasının qərarının ləğvini tələb edir
Oktyabrın 18-də Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata gorə, iclasda əvvəlcə görülən işlər müzakirə edilib.
Divan üzvü Nemət Kərimli həbsdə olan Müsavat fəalı Rövşən Hüseynovun durumu barədə məlumat verib. O, Suraxanı Rayon Məhkəməsinin qanunsuz hökmündən apellyasiya şikayətinin veriləcəyini bildirib.
İclasda qeyd edilib ki, elektrik enerjisi və qazın qiymətinin bahalaşması haqqında Tarif Şurasının qərarı Azərbaycanda aztəminatlı təbəqələrin vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq. Hakimiyyət dairələri ölkədə korrupsiya və monopoliyanın qarşısını almaq əvəzinə, əhalini daha çox yükləmək hesabına iqtisadi böhranı aradan qaldırmağa çalışır. Müsavat Tarif Şurasının qərarının ləğv olunmasını, əhaliyə qarşı yönələn addımlardan imtina olunmasını tələb edir.
Azərbaycanda kiber-hücumların yeni dalğası barədə fikir mübadiləsi aparılıb. Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının feysbuk hesabının oğurlanmasından sonra, həmin hesabdan müxalifət arasında ixtilaf məqsədilə paylaşımların edilməsi kiber-hücumların arxasında hakimiyyətin dayandığını sübut edir.
İclasda ölkə başçısı İlham Əliyevin 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı apardığı əks-təbliğat Azərbaycanın yaxın tarixinin saxtalaşdırmaq cəhdi kimi qiymətləndirilib və pislənilib.
Sonda cari məsələlər müzakirə edilib.