İranda Qarabağa gedən yük maşınlarına “qadağa”
İran yük maşınlarının Ermənistandan Qarabağa getməsinə “qadağa qoyub”.
Bunu İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatı rəhbəri Məhəmməd Cavad Hidayəti qəbul edib, İran mediası bildirir.
Azərbaycan uzun müddət İran maşınlarının Qarabağa yük daşımasına etiraz edib. Ötən ay Bakı İran maşınlarının hərəkət etdiyi Gorus-Qafan yoluna nəzarət etməyə başlayıb və İrana məxsus yük maşınlarına gömrük rüsumu tətbiq etməyə başlayıb.
İran rəsmisinin ünvanladığı deyilən məktuba görə, Yol və Nəqliyyat Təşkilatının nəqliyyat şirkətlərinə göndərdiyi sənədində İran vətəndaşlarının və sürücülərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Laçın bölgələrinə girməsi qadağan edilir və Azərbaycan ərazisinə rəsmi sərhədləri xaricində hər hansı bir giriş Azərbaycanın ərazi bütövlüyünün pozulması hesab olunur.
Məlumata əsasən, qadağa barədə beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına məktub ünvanlayan Məhəmməd Cavad Hidayəti İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli qərarına istinad edir.
Bakı ilə Tehran arasında əlaqələr məhz İran yük maşınlarının Qarabağa getməsi ilə bağlı mübahisələrdən sonra gərginləşib.
Sentyabrda rəsmi Bakı Ermənistanın Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinə nəzarət etməyə, İrana məxsus yük maşınlarının sürücülərin sənədlərini yoxlamağa başlamasından sonra bu əlaqələr daha da kəskinləşib.
Bundan başqa, Qarabağa yük daşıyan iki sürücü “qanunsuz yollarla” Azərbaycan ərazisinə girdiyi üçün saxlanıb və onlar haqqında cinayət işi açılıb.
BBC