SR ATƏT-i Azərbaycanda jurnalistlərə qarşı repressiyaları pisləməyə çağırdı
“Sərhədsiz Reportyorlar” (SR) noyabrın 20-də başlayan jurnalistlərin həbsi dalğasını pisləyir və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv olan ölkələri buna qətiyyətli reaksiya verməyə çağırır. Bu barədə SR-in seçkilər ərəfəsində yaydığı bəyanatda deyilir.
Belə ki, səkkiz KİV işçisi, o cümlədən Abzas Media saytının beş əməkdaşı həbs edilib.
“SR ATƏT-ə üzv olan ölkələri Azərbaycan rejiminin iqtisadi təzyiqinə və manipulyasiyalarına qarşı mübarizə aparmağa və etibarlı məlumat əldə etmək imkanını məhv etmək cəhdlərini ən qətiyyətli şəkildə pisləməyə çağırır”, deyə bəyanatda qeyd edilir.
Sənəddə həbsxanada Abzas Media-nın jurnalistlərinə qarşı sərt rəftardan danışılır: onların ailələri ilə əlaqə saxlamasına imkan verilmir, tibbi yardım və isti sudan istifadə imkanları məhdudlaşdırılır, pis sanitar-gigiyenik şəraitdə saxlanılırlar. Elnarə Qasımova məhkəməyə əlləri arxadan qandallanmış vəziyyətdə gətirilib və onun ayaqyoluna getməyinə icazə verilməyib.
Direktor müavini Məhəmməd Kekalov noyabrın 27-də mülki geyimli polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üç gün yoxa çıxıb.
Bu “seçkiqabağı ovdan” digər KİV-lərin jurnalistləri də ziyan çəkib. Xüsusən, Turan Agentliyinin İqtisadi Xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı Abzas Media-nın əməkdaşları ilə birlikdə pul qaçaqmalçılığı ittihamı ilə həbs edilib. Bundan sonra onun oğlu yanvarın 1-də işə başlayacağı bankdan qovulub.
Hakimiyyət Abzas Media jurnalistlərinin qohumlarının, həmçinin “Kanal13” YouTube kanalının direktoru Əziz Orucovun və bu kanalla əməkdaşlıq edən jurnalist Şamo Eminovun bank kartlarına həbs qoyub. Hətta onların ailə üzvlərinin pensiya kartlarına da həbs qoyulub.
Həbs edilmiş digər iki jurnalist – “Kanal13″ün əməkdaşı Rüfət Muradlı və JAMnews Cənubi Qafqaz haqqında xəbər saytının əməkdaşı Şahin Rzayev sərbəst buraxılıb, onlardan biri bir ay həbs cəzası çəkib, digəri isə cərimə ödəyib.
“Xarici valyuta qaçaqmalçılığı”, sadə dillə desək, xarici donorlardan subsidiya almaq ittihamı ilə saxlanılan bütün jurnbalistləri səkkiz ilədək həbs cəzası gözləyir.
2014-cü ildən etibarən beynəlxalq donorlarla əməkdaşlıq qadağan edilib. Hökumət reklam sektoruna nəzarət etdiyinə görə heç bir KİV ölkədə uğurla fəaliyyət göstərə bilmir, bir halda ki, hökumətyönlü KİV-lər mükafatlar və rəsmi subsidiyalar alır.