Zaqatalada tibbi maskadan istifadə etməyənlər cərimələndi
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, rayonun giriş və çıxışlarında qurulan karantin postlarında polis və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
Postlarla yanaşı şəhər daxilində də mobil qruplar tərəfindən yaşayış yerini tərk edən vətəndaşların SMS icazələrinin olub-olmaması planşet vasitəsilə yoxlanılır. İcazələri olmadan yaşadıqları ünvanları tərk edənlərə sərtləşdirilmiş karantin rejiminin tələbləri diqqətə çatdırılır və barələrində cərimə protokolu tərtib olunur.
Həmçinin reydlər zamanı tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.