Güneyli fəal həbs və şallaq cəzasına məhkum olundu

Təbrizdə Xuzistan ərəblərinə dəstək aksiyası ilə bağlı saxlanılan milli fəal Məhəmməd Mərdi həbs və şallaq cəzasına məhkum edilib.

 

Noyabrın 4-də Təbrizdə 2-ci Cəza Məhkəməsinin 111-ci bölməsinə başçılıq edən Rza Fruği Mərdinin 3 ay həbs və 74 şallaq cəzasına məhkum olunması barədə qərar çıxarıb.

 

Onun bundan öncə ETTELAAT təcridxanası və Təbriz zindanında saxlanıldığı günlər həbs müddətindən azaldılacaq.

 

Bundan öncə oktyabrın 26-da adı çəkilən məhkəmə bölməsində Təbriz prokurorluğunun 15-ci bölməsində Məhəmməd Mərdiyə qarşı “hay-küy və qarışıqlıq salmaqla ictimai asayişi pozmaq” ittihamına baxılmışdı.

 

Mərdi Təbrizin “Sina” xəstəxanasında müalicə olinduğu üçün xəstəliyi ilə bağlı həkim arayışı və müdafiə yazısı onun vəkili Saleh Heydərinin vasitəsilə məhkəməyə təqdim olunmuşdur.

 

Həmin məhkəmə iclasında milli fəala qarşı irəli sürülən iki ittihamdan biri, “hökumətə qarşı təbliğat” ittihamı ləğv edilmişdir.

İyulun 24-də Məhəmməd Mərdi təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

 

Saxlanıldığı zaman döyülən fəal baş və çənə nahiyəsindən ciddi xəsarətlər alıb.

 

Mərdi ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra 11 avqustda Təbriz həbsxanasına köçürülüb, 14 avqustda isə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

 

Məhəmməd Mərdi bundan öncə 2016-cı ildə milli fəal Murtəza Muradpurun zindanda aclıq aksiyasına dəstək verdiyi üçün basqılara məruz qalıb.

 

2017 və 2018-ci illərdə Babək qalasına illik yürüşdə iştirak etdiyi və 2019-cu ildə Qulamrza Amaninin anım mərasiminə qatıldığı üçün saxlanılıb.

 

Sonuncu dəfə iyulun 24-də Güney azərbaycanlıların Xuzistan ərəblərinə dəstək aksiyasında iştirak etdiyi üçün tutulub.

 

Gunaz.tv