Paşinyanı razı saldılar
Kommunikasiyalar açılıdığı zaman Bakı və Yerevan öz ərazilərindəki yollara nəzarəti özlərində saxlayacaqlar – Overçuk
Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrup konkret qərarlara nail olur. Bu barədə RF baş nazirinin müavini Aleksey Overçuk noyabrın 5-də Ermənistan baş naziri Nikol Paşinyanla görüşdə bildirib.
Onun sözlərinə görə, oktyabrın 22-də Üçtərəfli İşçi Qrupun 8-ci iclasında tərəflər konkret qərarlara nail olublar: Onlar yollar üzərində suverenliyin bu yolların ərazisindən keçdiyi ölkələrdə qalmasına əsaslanır”, deyə Overçuk bildirib.
Overçuk qeyd edib ki, digər iki baş nazir müavini ilə daim əlaqə saxlayır. Onlar səkkiz görüş keçiriblər, bu görüşlərin dördü əyani formada keçirilib. Onlar, demək olar ki, hər gün telefonla danışırlar, hamı üçün məqbul olacaq marşrutları tapmaq üçün müxtəlif variantları müzakirə edirlər.
“Biz bu nəzarətin paritet əsaslarla həyata keçirilməli olduğu barədə razılığa gəlmişik”, deyə “Sputnik Armenia” Overçukdan sitat gətirir.
Paşinyan öz növbəsində qeyd edib ki, Ermənistan regionda bütün nəqliyyat əlaqələrinin və iqtisadi əlaqələrin açılmasına aid 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarda maraqlıdır və onlara sadiqdir.
“Ermənistan Azərbaycan ərazisindən avtomobil və dəmir yolu kommunikasiyaları əldə etməlidir, Azərbaycan Ermənistan ərazisindən avtomobil və dəmir yolu kommunikasiyaları, o cümlədən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyalar əldə etməlidir”, deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, gömrük nəzarəti, fitosanitar nəzarət, sərhəd nəzarəti və digər mümkün nəzarət növləri ilə bağlı məsələlər razılaşdırılmalıdır, deyə Ermənistan hökumətinin məlumatında bildirilir.
Beləliklə, bu məlumatdan aydın olur ki, Azərbaycan Laçın dəhlizi, Ermənistan isə Naxçıvana gedən yol (Zəngəzur dəhlizi) üzərində sərhəd, gömrük nəzarəti və digər nəzarətə malik olacaq.
Overçukun Yerevana səfəri, görünür, əldə olunmuş razılaşmaların yekun təsdiqinə xidmət edir. Çox güman ki, yaxın günlərdə Bakıya da analoji səfər baş tutacaq.
Artıq məlumat verildiyi kimi, noyabrın 9-da Moskvada Azərbayan, Ermənistan və Rusiya liderləri regionda kommunikasiyaların açılmasını və Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası prosesinə başlanmasını nəzərdə tutan yeni sənəd imzalayacaqlar.