Müsavat başqanı M.Ə.Rəsulzadənin 140 illik yubileyi ilə bağlı paylaşım etdi
Məhəmməd Əmin Rəsulzadənin 140 yaşı tamam olur.
Şərq dünyasının ən möhtəşəm şəxsityətlərindən biri olan ulu öndərimiz gənc yaşlarından başlayaraq xalqımız üçün misilsiz əhəmiyyəti olan böyük əməllər sahibi idi.
M. Ə. Rəsulzadənin adı Azərbaycan xalqının yaddaşına böyük siyasət və dövlət xadimi, maarifçi ziyalı, xalqın aydın gələcəyi uğrunda həyatını qurban verən fədakar mübariz, siyasi jurnalistikanın banilərindən biri, ədəbiyyatşünas, nəhayət nəsillərə nümunə olacaq dürüst şəxsiyyət kimi əbədi olaraq həkk olunub.
Onun təşkilatçılığı və rəhbərliyi altında qurulan Xalq Cümhuriyyətimiz yalnız Cənubi Qafqazın əksər ərazilərini əhatə edən dövlətimiz olmaqla deyil, həm də o dövrün dünyada ən azad, ən demokratik, ən mütərəqqi dövlətlərindən biri olması ilə əbədi qürur mənbəyimizdir.
Məhəmməd Əmin bəyin bütün həyatı, onun inqilabçı, ideoloq, siyasətçi, dövlət xadimi, jurnalist, ədəbiyyatşünas, vətənindən didərgin salınmış mühacir, fədakar və təvazökar şəxsiyyət olaraq fəaliyyəti xalqımız üçün bir örnəkdir.
Bu xüsusiyyətləri M. Ə. Rəsulzadəni Azərbaycan cəmiyyətinin əsas dayaqlarından birinə çevirir və ən ağır aşınma dövrlərində belə xalqımızın ümidsizliyə qapılmasına imkan vermir.
Rəsulzadə dühası istər sovet kommunist reimi, istərsə də sonrakı irtica dövrlərində yolumuzu aydınlaşdıran, özümüzə və gələcəyimizə inamımızı artıran bir nurdur.
Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb