“Financial Times”: Rusiyanın dezinformasiyası öz xalqını yanıltdı
Böyük Britaniyanın “Financial Times” qəzetində “Rusiyanın vaksin dezinformasiyası öz xalqını yanıltdı” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
Rusiyada koronavirus infeksiyasından ölüm sayının rekord həddə çatması prezident Vladimir Putinin Şotlandiyanın Qlazqo şəhərində keçirilən iqlim dəyişikliyi konfransındakı yoxluğunu daha çox hiss etdirdi.
Prezidentin sərəncamı ilə ölkədə noyabrın 7-dək bir həftəlik qeyri-iş günü elan edilib və bu, pandemiyanın başlanğıcında Rusiyada tətbiq olunan qapanmaya bənzər bir qapanmadır.
Taleyin kədərli ironiyası: Rusiya koronavirus əleyhinə peyvəndi hamıdan qabaq istifadəyə buraxıb, amma peyvəndlənənlərin sayına görə iqtisadiyyatı güclü olan ölkələr arasında ən aşağı yerlərdə qərarlaşıb, ölüm sayına görə isə, “Financial Times”ın təhlilinə əsasən, ən yuxarı yerlərdə dayanır.
Ölkənin üzləşdiyi tale hökumətdəki yanlış idarəçiliyin, xalq arasındakı inamsızlığın, dezinformasiyaların əks effekt verməsinin, qəsd nəzəriyyələri haqda fərziyyələrin əhalinin vaksinasiyaya etimadını sarsıtmasının nəticəsidir.
“Financial Times”ın təhlili göstərib ki, pandemiya dövründə Rusiya dünyada əhalisinin sayına nisbətdə ölüm hallarının ən çox artdığı ölkələrdən biridir. Əsas səbəblərdən biri odur ki, prezident Putin qapanmaya görə məsuliyyəti öz üzərinə götürməyə həvəs göstərmir.
2020-ci ilin yazında koronavirusa görə tətbiq olunan məhdudiyyətlər ölkədə iqtisadiyyatın zəifləməsinə və Putinin 2036-cı ilədək hakimiyyətdə qalmasına yol açan konstitusiya referendumu ərəfəsində onun reytinqinin aşağı düşməsinə səbəb oldu.
Ötən ilin payızında infeksiyanın ikinci dalğası baş qaldırsa da, hakimiyyət sərt məhdudiyyətlər tətbiq etməkdən çəkindi. 18 ay beləcə davam etdi. Nəhayət, acınacaqlı durum yalnız bu ilin oktyabrında hökuməti hərəkətə keçməyə məcbur etdi. Amma Kreml qapanmalardan və digər məhdudiyyətlərdən əziyyət çəkən şəxslərə, müəssisələrə çox könülsüz pul xərcləyir.
Rəhbər boşluğu nazirlərin mənasız qərarlar verməsinə gətirib çıxarır. Düzdür, paytaxt Moskvada ictimai məkanlarda əlcək taxmaq kimi qeyri-elmi tələblər ləğv olunub. Amma bu belə əsaslandırılıb ki, guya həmin tələblər artıq öz işini görüb. Kafe və restoranlarda peyvənd sənədi ilə oturmağa icazə verilməsi kimi əhəmiyyətli tələblər isə qeyri-populyar olması səbəbindən bir qırağa atılıb.
Dolaşıq qərarlar taleyin hökmünə inamlı rusiyalıları daha da dolaşdırıb, onların COVİD-19 infeksiyasına ciddi yanaşmaq meylini bir az da zəiflədib.
Ancaq Rusiyanı uçurumun dibinə atan əsas səbəb vaksinasiya prosesindəki süstlük oldu. İndiyədək əhalinin yalnız üçdə biri koronavirus əleyhinə peyvəndin iki dozasını vurdurub. “Levada” sorğu mərkəzinin müstəqil sosioloqları bugünlərdə üzə çıxarıblar ki, əhalinin 45 faizi hələ də peyvəndlənməyə hazır deyil.
Əhalinin peyvəndlərə şübhəli yanaşmasının kökü bir qədər də keçmişə – sovet dövründə dövlət orqanlarına münasibətdə formalaşmış inamsızlığa gedib çıxır. İnyeksiyalara şəkkaklıq hələ pandemiyanın astanasında, yoluxmaların yeni-yeni baş qaldırdığı vaxtlarda da var idi. Hərtərəfli kliniki sınaqlar bitməmiş tələsik yerli “Sputnik V” peyvəndinin tətbiqinə başlanması isə əhalinin inamını daha da sarsıtdı. Hakimiyyət koronavirus xəstəliyi keçirən, yəni təbii immunitet qazanan insanlara peyvəndin gərək olmadığı barədə rusiyalılar arasında geniş yayılmış düşüncəni dağıtmaq üçün var qüvvəsini işə salmalı oldu.
Ancaq Putin dövrünün saxta demokratiyası və kölə təbliğatlı mediası əhalinin yalnız etimadsızlığını, qəsd fərziyyələrinə inamını gücləndirmiş oldu. “Levada”nın sorğusu göstərir ki, rusiyalıların 61%-i koronavirusun yeni növ biloloji silah olduğuna inanır. Virusun laboratoriyada hazırlandığını düşünən adamın isə peyvəndə çıxış yolu kimi baxması çətindir.
Putinin və dövlət mediasının əhalini “Sputnik V”ə meylləndirmək üçün xaricdə istehsal olunan vaksinləri tənqid atəşinə tutması tamam əks nəticə verdi. Adamlar fikirləşməyə başladılar ki, xarici peyvəndlər pisdirsə, deməli, Rusiya peyvəndi lap zaydır.
Avropa Birliyinin oktyabr ayında dərc etdiyi hesabatda da qeyd olunur ki, Rusiya mediasının Qərb istehsalı olan peyvəndlərə şübhə yaratmaq məqsədilə apardığı sistemli dezinformasiya kampaniyası (bu kampaniya Avropa saytlarında da aparılıb – həm rus, həm də başqa dillərdə) Rusiyanın öz ziyanına işləyib. Moskva bununla peyvənd hazırlamağa toparlanmış alimlərini də yanıldıb və Rusiyada COVİD-dən ölümlərin çoxalmasına bais olub. Çünki elə ölümlər var ki, əslində onların qarşısını almaq olardı.
Demokratik şəraitdə belə vəziyyət gec-tez liderlərin başında çatlayar, seçki zamanı onlar törətdikləri əməllərin cavabını xalqdan almış olarlar. Amma təəssüf ki, bu, Putin Rusiyasına aid deyil.