Leyla Yunus: “Azərbaycanda dəhşətli repressiyalar gedir”
“Onsuz da söz azadlığı yoxdur, qeyri-hökümət təşkilatları yoxdur, indi isə istəyir ki, müxalifət partiyaları da olmasın,” deyə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus prezident İlham Əliyevin müxalifətə qarşı start verdiyi son həbs kampaniyasını dəyərləndirib.
İnstitut iyulun 27-də Azərbaycanda genişmiqyaslı repressiyalar başlığı altında bəyanat yayıb. Bəyanatda bir çox avtoritar ölkələrin diktatorlarının COVID-19 pandemiyasından dissindentlərin, söz azadlığının və müxalfətin susdurulması üçün istifadə etdiyi bildirilir. “Azərbaycan diktatoru İlham Əliyev müxalif fikirli insanlara qarşı ən qəddar repressiyaları həyata keçirib,” bəyanatda bildirilir.Əsas məqsəd göstərməkdir ki, Azərbaycanda dəhşətli repressiyalar gedir.
Bəyanatda iyulun 14-də Bakının mərkəzində Azərbaycan ordusuna dəstək məqsədilə keçirilən yürüşdən sonra İlham Əliyevin iyulun 21-də etdiyi çıxışda müxalifəti dövlət çevrilişi hazırlamaqda ittiham etdiyi və bundan sonra bir neçə sutka ərzində təxminən 150 nəfərin saxlanıldığı yazılıb. Bəyanatda həmçinin ictimai asayişin pozulması, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsi ittihamları ilə cinayət işi qaldırılan 29 nəfərin adı sadalanır.
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Amerikanın Səsinə müsahibədə Azərbaycandakı son həbslər, təşəbbüskarı olduğu bəyanatın məqsədi və beynəlxalq ictimaiyyətdən gözləntilərdən bəhs edib.
Leyla Yunus İlham Əliyevin COVID-19 pandemiyasından vətəndaş cəmiyyətini dağıtmaq üçün istifadə etdiyini və onun məqsədinin müxalifətdə heç kimin qalmamasının, söz azadlığının olmamasının olduğunu söyləyib.
O, bu bəyanatı Avropa Şurası, Avropa Birliyi, ATƏT və BMT kimi beynəlxalq təşkilatlara ünvanladığını deyib: “Əsas məqsəd göstərməkdir ki, Azərbaycanda dəhşətli repressiyalar gedir.”
Leyla Yunus deyib ki, Sülh və Demokratiya İnstitutunun iyulun 27-də yaydığı bəyanatda 29 nəfərin adı çəkilsə də, bəyanat yayılandan sonra daha bir nəfər həbs olunub və beləcə onların sayı 30-a çatıb.
Leyla Yunus İlham Əliyevin iyulun 21-də etdiyi çıxışında müxalifəti çevriliş etmək istədiyini və onların konstitusion rejimi dağıtmaq istədiyini deməsini “əfsanə” adlandırıb. O, sosial mediada yer alan görüntülərdə iyulun 14-də Milli Məclisin binasında daxil olan insanın Dövlət Təhlükəsizlik Xidmətinin generalı Rauf Xələfovun olduğunun göstərildiyini deyərək, bunun yazılmış bir ssenari olduğunu söyləyib. “Bunların məqsədi repressiyaları davam etdirməkdir,” o deyib.
“Diktator istəyir ki, vətəndaş cəmiyyəti olmasın, hər kəs sussun. Bu, sovet vaxtında, 30-illərdə də belə olub. Vətəndaşlar söz deməyə qoxurdular. İndi isə 1930-cu illər deyil, indi 21-ci əsrdir. Ancaq o, söz azadlığından qorxur və çalışır ki, bir nəfər də ona qarşı çıxmasın,” Leyla Yunus bildirib.
Leyla Yunus Sülh və Demokratiya İnstitutunun bəyanatını Avropa Şurasının hesabatçısı Sunna Evarsdottirə, AŞPA komissarına və digər qurumlara göndərdiyi və onların diqqətini məsələyə çəkməyə çalışdığını bildirib. Onun fikrincə hazırda bir çox yerdə tətbiq olunan karantin rejimi və yay tətili səbəbilə məsələyə çox diqqət ayrılmır. “Amma mən əminəm ki, bəyanatlar olacaq və bu məsələyə diqqət ayrılacaq,” Leyla Yunus deyib.Diktator istəyir ki, vətəndaş cəmiyyəti olmasın, hər kəs sussun. Bu, Sovet vaxtında, 30-illərdə də belə olub. Vətəndaşlar söz deməyə qoxurdular. İndi isə 1930-cu illər deyil, indi 21-ci əsrdir. Ancaq o söz azadlığından qorxur və çalışır ki, bir nəfər də ona qarşı çıxmasın.
Leyla Yunus Süh və Demokratiya İnstitutunun avqustun əvvəlində yeni məhbus siyahısı dərc etməyi planlaşdırdığını deyib. O sonuncu dəfə siyasi məhbusların sayının 158 olduğunu, bu dəfə isə 190-a çıxa biləcəyini qeyd edib.
“Hamı başa düşür ki, Putin diktatordur, Rusiyada demokratiya yoxdur. Ancaq Rusiyada əhali 140 milyondan çoxdur, siyasi dustaqların sayı isə təxminən 200-ə yaxındır. Azərbaycanda əhali 10 milyondur, amma 190 siyasi dustaq var. Bu, onu göstərir ki Azərbaycan Rusiyanı da, Türkmənistanı da keçib. İlham Əliyev Şimali Koreyaya üz tutub,” o deyib.
Leyla Yunus İlham Əliyevin pandemiyadan repressiyaları davam etmək üçün istifadə etdiyini bildirib. Onun sözlərinə görə, pandemiya səbəbilə hesabatçılar, mətbuat işçiləri səyahət edə bilmirlər və bu repressiyaları davam edib, vətəndaşları həbs etmək üçün ən yaxşı vaxtdır. “O pandemiyadan, daha sonra Ermənistanla toqquşmadan istifadə edir ki, Azərbaycanda müxalifət qalmasın,” Leyla Yunus deyib.
Qısa tarixçə və rəsmi məlumat
İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.
Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirilən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.
Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.
“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.
Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.
“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib
AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.
“Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı,” AXCP-nin bəyanatında deyilir.
Amerikanın səsi