Fərəc Kərimli sərbəst buraxıldı – Yenilənib

Bu gün səhər saatlarında saxlanılan Müsavat başqanının müavini Fərəc Kərimli sərbəst buraxılıb. Bu barədə o, özünün feysbuk səhifəsində məlumat yayıb.

“Səhər saat 7-8 arası Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığım mənzildən polis idarəsinə aparıldım. Saxlanma səbəbim kimi iyulun 14-dən 15-ə keçən gecə Milli Məclisin qarşısında keçirilən aksiyada iştirakım bildirildi. Polis idarəsində aksiyada iştirak edən, mənə bənzəyən birinin şəkili göstərildi. Video görüntülərə də baxılmasını istədim. Video görüntülərə baxılan zaman görüntülərdəki adamın başqa biri olduğu ortaya çıxdı. İzahatım alındıqdan sonra sərbəst buraxıldım. Mənə görə narahat olan dostlara təşəkkür edirəm. Hal hazırda evdəyəm” – deyə, Fərəc Kərimli özünün feysbuk səhifəsində yazıb.

***

Müsavat başqanının müavini Fərəc Kərimli bu gün səhər həbs edilib. Bu haqda “Basta”ya onun atası Raqif Kərimli məlumat verib.

“14 iyul gecəsi orduya dəstək yürüş-mitinqi ilə bağlı indicə Fərəci də apardılar. Bakı şəhəri Baş Polis İdarəsindən gəlmişdilər. Heç yerimizdən durmamışdıq qapını döydülər” – deyə, Raqif Kərimli bildirib.

Fərəc Kərimlini həbs edən şəxslər, onun 14 iyul gecə baş verən təxribatlarda iştirak edib etmədiyi üçün araşdırma aparacaqlarını deyiblər.

Müsavat başqanı Arif Hacılı Fərəc Kərimlinin dərhal azad olunması tələb edib.

“Qarabağ mitinqdən sonra başlanmış həbs dalğası davam edir. Fədakar insanlar, Qarabağ qaziləri repressiyanın ət maşınında doğranır. Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli həbs edildi. Fərəc Kərimli bu gün səhər 6 nəfər mülki şəxs tərəfindən yaşadığı evdə həbs edilərək Bakı Baş Polis İdarəsinə aparılıb. Belə görünür ki, hakimiyyət xalqımıza 37-ci ilin repressiyalarını xatırladacaq dəhşətli bir il yaşatmaq qəsdindədir. Repressiyalara son qoyulmalı, bütün siyasi məhbuslar dərhal azad edilməlidir!” – deyə Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

.

İyulun 14-də gecə saatlarında Bakıda Milli Orduya dəstək ifadə edən şəxslərin spontan aksiyası keçirilib. Hüquq müdafiəçilərinin məlumatına görə, 14-15 may hadisələrilə əlaqədar indiyədək yüzdən artıq şəxs saxlanılıb. Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.1, 233 və 315-ci maddələrilə açılmış cinayət işi üzrə Nəsimi Rayon Məhkəməsində azı 31 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bunlardan 13 nəfəri AXCP üzvü, 1 nəfər ADR üzvü, 2 nəfər MBH-nın tərəfdarı, qalanları isə bitərəflərdir.

Basta