Rusiya hərbçilərinin öz təyinatına uyğun olmayan fəaliyyətinə Müsavatdan etiraz

Noyabrın 15-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

 

Suraxanı rayon təşkilatının üzvü Rəşad Axundovun polisin təzyiqi ilə üzləşməsi və uydurma ittihamla 150 manat məbləğində cərimə olunması pislənilib. Siyasi təziqlərə son qoyulması və bütün siyasi məhbusların azadlığa buraxılması tələb edilib.

 

Daha sonra Azərbaycan-Ermənistan sərhəddində son durum müzakirə edilib.
Şuşa yaxınlığında yerləşən postda Azərbaycan hərbçilərinə qumbara atılması terror aktı kimi qiymətləndirilib. Tərrorcunun Xankəndidə, yaxud Ermənistanda saxlanmasının Azərbaycan qanunlarına zidd olduğu vurğulanıb. Qeyd edilib ki, son günlər ərzində Şuşa, Laçın və Kəlbəcər istiqamətində hərbçilərimizə qarşı hücumlara görə Rusiyanın sülhməramlı adlanan qüvvələri məsuliyyət daşıyır. Heç bir qanuni mandata sahib olmayan Rusiya hərbçiləri yerləşdikləri ərazidə atəşkəsin icrasını təmin etmək əvəzinə, Xankəndidə park tikmək, Xocalıda heykəllər qoymaq kimi öz təyinatına uyğun olmayan fəaliyyətlə məşğuldur.

 

Ermənistanın müdafiə nazirinin Qarabağa səfər etməsi və burada olan qanunsuz hərbi birləşmələrin nümayəndələri ilə görüşməsi Azərbaycanın suverenliyinə açıq təhdiddir.

 

Müsavat Partiyası Azərbaycan hakimiyyətindən bütün bu hadisələrə siyasi qiymət verilməsini və qarşısının alınması üçün təsirli tədbirlər görülməsini tələb edir.

 

Sonda cari məsələlər müzakirə olunub.