Azərbaycan hərbçilərinə qumbara atan şəxs həbs olunmayıb

Şuşa yaxınlığında Azərbaycan hərbçilərinə qumbara atan Norayr Mirzoyanı Xankəndindəki separatçı rejimin nümayəndəsi Metax Akopyan ziyarət edib. Akopyan “Hraparak” qəzetinə açıqlamasında deyib ki, Mirzoyana qarşı heç bir ittiham irəli sürülməyib.

 

“Norayr Mirzoyanın sağlamlığına və ya həyatına heç nə təhlükə yoxdur, hər şey tam normal vəziyyətdədir, çünki dövlət vətəndaşa münasibətdə olmalıdır. Ona görə də onunla heç bir problem yoxdur və biz həmişə ardıcıl olacağıq”.

 

O, həmçinin qeyd edib ki,  Norayr Mirzoyan həkimlərin nəzarəti altında tibb müəssisəsindədir, o, saxlanılmayıb və həbs edilməyib.

 

Hadisədən sonra “Ermənistan Milli Qvardiyası” adlı ictimai təşkilatı Norayr Mirzoyana 1000 dollar ayıracağını açıqlayıb. Qurumun rəhbəri Arşak Zakaryanın sözlərinə görə, Norayr ailəsi artıq 1000 yox, 3000 dollar alıb.

 

Xatırladaq ki, şənbə günü Şuşadakı keçid məntəqəsinə qumbara atılması nəticəsində Azərbaycanın üç hərbçisi xəsarət alıb. Hadisə ilə əlaqədar Xankəndini  Ermənistanla birləşdirən yeganə yol 2 saata yaxın bağlanıb. Qumbara atan 46 yaşlı Norayr Mirzoyan Rusiya sülhməramlı qüvvələrinin qərargahına aparılıb və sonra separatçı rejimə təhvil verilib.

Azərbaycan Respublikasının Baş prokurorluğu hadisə ilə əlaqədar  terrorizm və odlu silahdan istifadə maddələri ilə cinayət işi qaldırıb.

 

Basta