Aclığın 18-ci günü: Saleh Rüstəmovun vəziyyəti kritikdir
AXCP-yə pul yardımı etməkdə təqsirləndirilən, 18 gündür ki, aclıq aksiyası keçirən Saleh Rüstəmovun vəziyyəti kritikdir, onun vəkili Bəhruz Bayramov bildirib.
O, BBC News Azərbaycancaya söyləyib ki, bazar ertəsi günü Saleh Rüstəmovla görüşdə müvəkkilinin “vəziyyətinin yaxşı olmadığını” müşahidə edib.
Rusiya vətəndaşı olan Saleh Rüstəmov 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 3 ay azadlıqdan məhrum edilib. O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib.
Saleh Rüstəmov ittihamları rədd edib və bildirib ki, qanuni əsaslarla işlədiyi Rusiyadan AXCP-nin həbsdə olan üzvlərinə ərzaq almaq və hüquqi yardım göstərilməsi üçün 3 il ərzində partiyaya cəmi 6-7 min manat pul göndərib.
Onun özü, AXCP və bəzi hüquq müdafiəçiləri Rüstəmovun həbsini daha çox siyasi motivlərlə əsaslandırırlar.
Parlamentin insan hüquqları komitəsinin sədri Zahid Oruc hesab edir ki, məsələni “siyasiləşdirmək çox böyük yanlışlıqdır” və hakimiyyət siyasi rəqiblərini təqib etmir.
“Yeriməkdə çətinlik çəkir, ağrıları var”
Bəhruz Bayramov söyləyir ki, ötən gün müvəkkili ilə görüşündə onun tibbi problemlərinin artdığının şahidi olub.
“Saleh Rüstəmovla şüşə arxasından telefonla danışırdıq. Müşahidəmə görə, vəziyyəti kritikdir. Yeriməkdə çətinlik çəkir, dediyi sözlər başa düşülmür, ayaq nayihəsində ağrıları var, başgicəllənmələri olur. Dünən dedi ki, həftə içi quru aclığa keçəcək. Bildirdim ki, komaya düşə bilər, dedi başqa variantım yoxdur, bunu uzun müddət düşünmüşəm və nəticələri barədə də fikirləşmişəm. Yəni, elə də ola bilər, belə də”.
Vəkilin sözlərinə görə, Saleh Rüstəmovun yaxınları onunla hər görüşündə aclıq aksiyasını dayandırmağı xahiş edir, lakin o, “bu barədə heç danışmayın” deyir.
Bəhruz Bayramov Saleh Rüstəmovun keçirdiyi aclıq aksiyasına görə Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılmağa davam edildiyini bildirib.
“Rusiyada banklara borcu olub”
Bəhruz Bayramov deyir ki, ittihamlarla bağlı Ali Məhkəmənin Plenumuna şikayətlə müraciət edib və Saleh Rüstəmov barəsində sənədlər təqdim edib.
“Əlimdə əsaslar var. Saleh Rüstəmovun həmin vaxt [red- ittihamda sözügedən vaxt ərzində] Rusiyada banklara kredit borcu olub. Əgər adamın 420 min dolları var idisə, niyə gedib 3 bankdan 5-7 min dollar kredit götürüb? Və yaxud, şəxsin 420 min – 500 min dollarlıq gəlir yeri var idisə, həmin borcları ailəsi bu müddət ərzində ödəyib qurtarardı”.
Cənab Bayramovun sözlərinə görə, bu müraciətə bir həftə ərzində baxılmalıdır.
Vəkilin sözlərinə görə, Saleh Bayramov Prezident İlham Əliyevin əfv sərəncamı, Plenumun qərarı, Baş Prokurorluğun protesti ilə azadlığa buraxıla bilər.
BBC