Avropa Məhkəməsi bloklanmış saytlarla bağlı Bakıdan açıqlama tələb edir

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan beş şikayət üzrə kommunikasiyaya başlayıb. Onlardan 4-ü Azərbaycan ərazisində bloklanmış saytlarla bağlıdır. Bu barədə Turan-a hüquq sahəsində ekspert Xalid Ağəliyev bildirib.

 

Onun sözlərinə görə, sözügedən işlər üzrə ərizəçilər “Azadlıq” radiosu” (azadliq.org), anaxeber.az, 24saat.org və xural.com saytlarıdır.

 

Rabitə Nazirliyinin təqdimatı əsasında məhkəmələrin qərarları ilə Azərbaycanda bu resurslara giriş məhdudlaşdırılıb. Bu qərarlar milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai asayiş və iğtişaşların qarşısının alınması mülahizələrilə əsaslandırılıb.

 

Ağəliyev qeyd edib ki,  ərizəçilər Avropa İnsan Hüquqları Məhkəməsindən onların hüquqlarının Avropa İnsan və Azadlıqları Konvensiyasının 10-cu (ifadə azadlığı), 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) və digər maddələrlə pozulmasının tanınmasını xahiş edirlər.

 

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə müvafiq sorğular göndərib. Həmçinin Strasburq məhkəməsi saytların bloklanmasında siyasi motivlərin olub – olmaması barədə açıqlama istəyib.

 

Xatırladaq ki, sözügedən saytlar 2017-ci ilin yazında bloklanıb.

2018-ci ilin iyun ayında isə Bastainfo.com saytı da bloklanıb. İyulun 7-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayaraq bildirilib ki, bu il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı ilə əlaqədar bəzi media orqanlarının vəzifəli şəxsləri, ayrı-ayrı şəxslər internet vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlandığı bildirilib.
Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılmasından ötrü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət də edib. Prokurorluğun müraciəti əsasında saytlar bloklanıb. O vaxtdan Bastainfo.com saytı Basta2@com domeni ilə fəaliyyət göstərir.
Basta