“Bizə dayanacaq yox, problemlərimizin həlli lazımdır”

İsmayıllı rayonunda avtobus dayanacağı olan bir yerdə bio smart dayanacaq qoyulub və çərşənbə günü həmin rayona səfərə gəlmiş prezident İlham Əliyevə təqdim edilib.

Yerli sakinlər isə deyirlər ki, bio smart dayanacaq onlar üçün “ən son ehtiyacdır,” çünki rayonda həll edilməli daha önəmli məsələlər var.

BBC News Azərbaycancaya danışan İsmayıllı sakinləri, prezidentlə görüşlərinə imkan yaradılmamasından şikayətlənir.

Prezidentin mətbuat katibi Azər Qasımov isə BBC News Azərbaycancaya “Azərbaycan Prezidenti qədər əhali ilə bu qədər çox görüşən ikinci bir Prezident tanımadığını” deyib.

“Azərbaycan prezidenti elə əhali ilə də ictimaiyyət nümayəndələri ilə də – onlar da elə əhalidir həmişə görüşür. Fake news-dur (saxta xəbər-red.) buna fikir verməyin,” – cənab Qasımov deyib.

“Kim problemlərdən yazır, düzünü deyirsə tutub həbs edirlər”

İsmayıllı sakini Əmrah Cəfərov deyir ki, İsmayıllının əsas problemlərinin arasında dayanacaq problemi “heç gözə də görünməz”.

Əmrah Cəfərovun sözlərinə görə, hazırda İsmayıllı rayonunun “çox daha böyük problemləri var”.

“Hazırda rayonun əsas problemlərindən biri küçələrdəki ac itlərdir. Dəfələrlə müxtəlif yerlərə zəng vurmuşuq. Lakin hələ də həll olunmamış qalıb. Mənə iki ay əvvəl icra hakimiyyətinin müavini Mahmud Süleymanovdan məktub gəlib ki, itlər üçün sığınacaq tikilir. Dünən də özü ilə danışmışam, deyib ki, layihə hazırlanıb, amma sponsorumuz yoxdur. Prezidentin bölgəyə ayırdığı milyonlar hara gedir, bəs?” – Əmrah Cəfərov soruşur.

O deyir ki, digər bir problem də rayondakı qazdoldurma məntəqəsidir.

“Hazırda bütün İsmayıllı səksəkədədir. İsmayıllının Kəpənəkli dairəsində bir qaz doldurma məntəqəsi var. Qaz doldurma məntəqəsinin yanında da benzindoldurma məntəqəsi var. Qazdoldurma məntəqəsi təyinatı üzrə verilməyib. Ötən il İlham Əliyevə bununla bağlı məktub da göndərdik. Ancaq bu kimindirsə, heç kimin ona gücü çatmır. Ətraf tamam qaz iyidir. Burda yaşayan camaat qaz iyindən köçmək istəyir.”

Əmrah Cəfərov daha bir problem çətinliyi olan adamların Prezident İsmayıllıya dəfələrlə səfər etsə də, indiyədək prezidentlə “heç cür” görüşə bilməməsidir.

“Prezident artıq neçənci dəfədir bizim rayona səfər edib. O, bizim rayona gələndə camaatı bir, yalan olmasın iki kilometr uzaqda saxlayırlar. Hətta mənim özümü neçə dəfə həbs edirdilər az qala. Yolu bağlayırlar imkan vermirlər, görüşək dərdimizi deyək. Biz Prezidentdən narazı deyilik, ancaq onun ətrafındakılar imkan vermir biz onu görək, sözümüzü deyək” – cənab Cəfərov deyir.

Onun sözlərinə görə, məsələ koronivursla bağlı deyil, prezidentlə görüşə “pandemiyadan əvvəl də” icazə verilməyib.

Məhkəmələrin fəaliyyətindən də narazılıq edən Cəfərov məhkəmənin fəaliyyətinin qənaətbəxş olmadığını iddia edir.

Əmrah Cəfərov deyir ki, indi İsmayıllıda kim problemlərdən yazırsa, düzünü deyirsə, “həmin adamı tutub həbs edirlər”: “Camaat çəkinir. Mən çəkinmirəm deyirəm, çünki problemlərdən boğaza yığılmışam,” – Əmrah Cəfərov bildirir.

“Cavanlar işsizlikdən içkiyə qurşanıblar”

“Avtobus dayanacaq olmasa da dayanır”, adını anonim saxlamaq istəyən daha bir İsmayıllı sakini deyir.

“Yəni, avtobus dayanacağına bu çətin vaxtda heç bir ehtiyac yox idi. Sadəcə İcra Hakimiyyətinin rəhbəri yeni dəyişib, görüntü yaradırlar ki, guya işləyir, yenilik edir. Camaat işsizdir, qazanc yoxdur. İsmayıllının tək dərdi dayanacaq deyil ki!” – o deyir.

Onun fikrincə işsizlik, məşğuliyyətin olmaması cavanların pis vərdişlərə yiyələnməsinə də səbəb olur.

“Əsgərlikdən gələn cavanlar işsizlikdən qurşanıblar içkiyə, digər yaramaz işlərə. Bu gənclərə iş vermək lazımdır”, o əlavə edir.

Kəndlərdə suyun yoxluğunu, işıq-qaz xətlərinin bərbad vəziyyətdə olmasını rayonun əsas problemi kimi səciyyələndirən müsahibimiz deyir ki, burada “işsizlik boydan, borc isə boğazdandır”.

“Küçələrdə işsizin sayı yoxdur. Camaat domino oynayır, çayxana-pivəxanalar doludur. Camaatı işığa-qaza borcu üst-üstə yığılır. Tək dayanacaqla problem bitirmi,” Rüstəmov sual edir.

“Ən böyük problemimiz qaz “zapravkasıdır” – evimizlə 10 metr arası var”

Rayonun digər sakini Araz üçün əsas problem qazdoldurma məntəqəsidir.

“Səhər tezdən bura gələsiniz. Nəfəs almaq olmur. Təsəvvür edin, o balonları doldurmazdan əvvəl içini də boşaldırlar. Propan qazıdır da, özünüz düşünün. Koronavirus xəstəxanası evimdən 250 metr aralıdadır. Elə istəyirdim ki, Prezidentlə görüşüb, problemləri deyim, imkan vermədilər.”

Araz deyir ki, iki il əvvəl Prezidentə iki dəfə teleqram vursa da, teleqramlar gedib Prezidentə çatmayıb.

“Teleqramlar gedib çatmadı, niyəsə görə. İndi üç gündür yerli İcra Hakimiyyətinə məktubla müraciət etmişəm. Bu gün cavab gəlib ki, məktubunuz çatıb. Görək necə olacaq”.

Sosial mediada yayılan bio dayanacaqla bağlı isə İsmayıllı sakinləri dayanacaqdansa “kəndlərə zibil qablarının qoyulmasını”, “yolların abadlaşdırılmasını”, “işıq-qaz xətlərinin yenilənməsini”, “yeni və daha səliqəli avtobusların əhalinin istismarına verilməsini” arzu etdiklərini yazıblar.

BBC News Azərbaycanca İsmayıllı İcra Hakimiyyətindən səsləndirilən iddialarla bağlı şərh ala bilməyib.

Qurum yalnız əhalinin “prezidentlə görüşməyimizə imkan verilmir” iddiasını təkzib edib.

“İndi pandemiya dövrüdür, ona görə də görüşlərə icazə yoxdur. Əvvəllər isə əhalinin prezidentlə görüşünə maneə yaradılmayıb”, – İsmayıllı İcra Hakimiyyətindən bildiriblər.

Lakin qurumdan digər iddialara cavab almaq mümkün olmayıb.

BBC