Washington Post: İlham Əliyev müxalifəti məhv etmək qərarına gəlib
Amerikanın Washington Post qəzeti iyulun 29-da İlham Əliyevin ölkədə müxalifətin boğulmasına yönəlmiş siyasətini kəskin tənqid edən redaksiya məqaləsi dərc edib.
“Azərbaycan prezidenti müstəqil jurnalistləri və ya dissidentləri heç vaxt sevməyib. Beynəlxalq müşahidəçilər fevralda keçirilən parlament seçkilərinin real siyasi rəqabətdən məhrum olduğunu qeyd ediblər.
İndi, epidemiyanın yayıldığı, neft qiymətlərinin aşağı olduğu və Ermənistanla münasibətlərdə gərginlik yaşandığı bir vaxtda cənab Əliyev gözlənilmədən “beşinci kolon”, siyasi müxalifətin şəxsində düşmənlər aşkar edib və onları həbs etməyə, Azərbaycanda müstəqil siyasi qüvvədən nə qalıbsa, onu yox etməklə təhdid etməyə başlayıb, deyə məqalədə bildirilir.
Martda Novruz bayramı ilə əlaqədar xalqın qarşısında çıxış edən Əliyev deyib ki, Azərbaycanın daxili düşmənləri onu daxildən sarsıdır.
“Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir”, deyən Əliyev əlavə edib ki, pandemiya dövründə “beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq”.
İyulun 12-16-da Tovuz rayonunda Azərbaycan və Ermənistan arasında döyüş əməliyyatları zamanı hər iki tərəfdən ondan çox hərbiçi, o cümlədən Azərbaycan generalı həlak olub.
İyulun 14-16-də Bakıda orduya dəstək üçün və müharibəyə başlamaq tələbi ilə mitinq başlayıb. Etirazçılar qısa müddət üçün parlament binasına daxil olublar və iki polis maşınını deviriblər. Əliyev bu etirazı “beşinci kolona” hücum üçün bəhanə kimi qiymətləndirib.
Mintinqdən sonrakı gün verdiyi bəyanatda o, ən böyük müxalifət partiyasına – Xalq Cəbhəsi Partiyasının üstünə düşüb. Baxmayaraq ki, partiya lideri Əli Kərimli faktiki olaraq orduya dəstək ifadə edərək deyib: “Biz dövlətimizin və ordumuzun yanındayıq”.
Bununla belə, Əliyev “beşinci kolonun işini bitirmək lazım olduğunu” deyərək, “ermənilərdən də pis olan çirkin, satqın rəhbərləri, qorxaqları, fərariləri” cəzalandırmağı vəd edib. Bundan sonra təhlükəsizlik qüvvələri AXCP üzvlərini həbs etməyə başlayıb.
Müxtəlif məlumatlara görə, bu günlərdə 120-yə yaxın insan, o cümlədən partiya liderləri və fəalları saxlanılıb.
İyulun 20-də ABŞ Dövlət Departamenti Azərbaycanı vətəndaş cəmiyyətini və müxalifəti susdurmaq üçün pandemiyadan istifadə etməməyə çağırıb. Buna Azərbaycan XİN ABŞ-da irqçiliklə bağlı etirazlar haqqında şərhlə cavab verib: “Bu vəziyyətdə biz başa düşə bilmirik, ABŞ Dövlət Departamentini nə və niyə narahat edir?”.
“Gəlin izah edək. Birləşmiş Ştatlarda etirazlar işlək demokratiyanın damarlarından axan qandır – elə bir demokratiya ki, nə qədər problemli də olsa, ifadə və toplaşma azadlıqlarına təminat verir. Cənab Əliyevin öz tənqidçilərini susdurmaq üçün dəmir yumruqdan istifadə etməsi isə demokratiyanın əksidir və bu səbəbdən hər kəs bu özündən çıxmış tirandan narahat olmalıdır”, deyə məqalənin sonunda qeyd edilir.
Turan