Etiraz aksiyasının beş iştirakçısı inzibati qaydada həbs edilib
Dekabrın 2-də Bakının Səbail rayon məhkəməsi dekabrın 1-də Saleh Rüstəmovun azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyası zamanı saxlanılan beş fəalın inzibati qaydada həbsi barədə qərar çıxarıb.
Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü İlham Hüseyn 30 gün, partiya fəalı Elçin Teymurov və Elxan Əliyev müvafiq olaraq 25 və 20 gün;
Birinci Qarabağ müharibəsinin veteranı Səyad Quliyev 15 gün, gənc fəal Rüstəm İsmayılbəyli isə 30 gün həbs cəzası alıb.
Onlar hamısı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinib.
Xatırladaq ki, dekabrın 1-də polis həbsdə uzun müddətdir aclıq edən Saleh Rüstəmovun azad edilməsi tələbi ilə keçirilən aksiyanın qarşısını qəddarlıqla alıb.
40-dan çox insan saxlanılıb. Saxlanılanların əksəriyyəti sonradan sərbəst buraxılıb. Amma beş nəfər polis bölmələrində saxlanılıb və bu gün məhkəməyə çıxarılıb. Bundan başqa, saxlanılanların bəziləri polis tərəfindən döyülüb. Müxalif siyasətçi Tofiq Yaqublu xüsusi amansızlıqla döyülüb.