“Hakim “qanusuz” dediyi qərarı qüvvədə saxladı”

“Ali Məhkəmənin hakimi Vüqar Həsənov özünün qanunsuz adlandırdığı qərarı qüvvədə saxlayıb”.

 

Bunu redaksiyamıza şikayətlə müraciət edən paytaxt sakini Şövqi Həsənov deyib.

 

Qeyd edək ki, Şövqi Həsənovun mülkəyətində olan Nəsimi rayonu, Mirqasımov küçəsi 10 ünvanında yerləşən obyekt  “Pilot” layihə adı altında “Azadlıq Residence” tərəfindən, onun razılığı olmadan sökülüb.

 

Bundan əvvəl xəbər verdiyimiz kimi, şikayət üzrə son qərar noyabrın 18-də Ali Məhkəmədə verilməli idi. Şikayətçinin sözlərinə görə, məhkəmədə hakim Vüqar Həsənov “Azadlıq Residence” tərəfindən qanunun pozulduğunu deyərək, prosesi dekabrın 9-na təxirə salıb və tərəflərə bu müddət ərzində danışıb öz aralarında razılığa gəlməyi təklif edib: “Hakim dedi ki, bizim obyektimiz qanunsuz olaraq sökülüb. Biz nəhayət ədalətli qərarın veriləcəyini gözləyirdik. Amma məhkəmə təxirə salındı və barışıq təklif olundu. Bu müddət ərzində qarşı tərəf bizə sökülən obyektə uyğun olan bir yer təklif etmədi. Dedilər ancaq 2-ci mərtəbədə cəmi 51 kvadrat metr yer  verə bilərik. Halbuki, mənə sökülən mağazamın müqabilində birinci mərtəbədən yer verilməlidir.  Razılığa gəlinmədiyi üçün məhkəmə qanunsuz qərarı ləğv etməli, ən azı əvvəlki instansiyaya qaytarmalı idi. Amma bütün sübutlar ortada olsa da, hakim Vüqar Həsənov Bakı Apellyasiya Məhkəməsinin qanunsuz qətnaməsini qüvvədə saxladı. Bu işdən xəbəri olan bütün hüquqşünaslar şokdadır”.

 

Şikayətçi öz hüquqlarını bərpa etmək üçün həm Konstitusiya Məhkəməsinə, həm də Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib.

 

Basta