Paşinyan istefa verdi – yenidən seçilmək üçün
Nikol Paşinyan Ermənistan Baş naziri vəzifəsindən istefa verib. O, bunu xalqa müraciətində bildirib.
Ermənistanın mövcud konstitusiyasına görə, növbədənkənar parlament seçkiləri yalnız Baş nazir istefa verdiyi, parlament isə iki dəfə yeni Baş naziri seçə bilmədiyi halda mümkündür.
“Konstitusiyanın müddəalarını tətbiq etmək və parlamenti buraxmaq üçün bu gün istefa edirəm,” – Paşinyan deyib.
Paşinyan hökumət başçısı vəzifəsini müvəqqəti olaraq yerinə yetirməkdə davam edəcək.
O bildirib ki, rəhbərlik etdiyi “Vətəndaş razılığı” partiyası seçkilərdə iştirak edəcək və partiyadan Baş nazir vəzifəsinə namizəd qismində o, seçkilərdə iştirak edəcək.
“Xalq mənim Baş nazir vəzifəsindən getməyimə qərar verərlərsə, mən onların iradəsini yerinə yetirəcəyəm. İnsanlar mənim Baş nazir vəzifəsində qalmağıma qərar versələr, o zaman bu qərarı yerinə yetirəcəyəm,” – Paşinyan söyləyib.
Baş nazir Nikol Paşinyan mart ayında etdiyi çıxışlarından birində Ermənistanda növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini bildirib. Ermənistanda nəzərdə tutulan parlament seçkiləri proporsional seçki sistemi əsasında keçiriləcək.