DİN başçısı hüquq müdafiəçilərini qəbul edib və vədlər verib
Dünən, dekabrın 13-də “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçiləri Rüfət Səfərov, Zəfər Əhmədov, Zaur Əkbər, Əlayif Həsənov daxili işlər naziri Vilayət Eyvazovla görüşüb.
3 saat davam edən görüşdə nazir müavini İsmət Əliyev, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini Vüqar Ələkbərov və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov da iştirak edib.
Bu gün “Müdafiə Xətti” təşkilatının həmtəsisçiləri keçirdikləri mətbuat konfransında bildirblər ki, nazirlər görüşdə polis-vətəndaş münasibətləri, polisin saxlama təcridxanalarında monitorinqlərin keçirilməsi, obyektiv və şəfaf istintaq aparılması, hüquq müdafiə işlərinin təşkili məsələləri müzakirə olunub.
Azərbaycan Xalq Cəbəhəsi Partiyasının fəalı, Gəncədə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş Şahin Hacıyevin məsələsi ayrıca müzakirə olunub.
Eyni zamanda, 39 gündür aclıq edən Saleh Rüstəmlinin işi ilə bağlı fikir mübadiləsi aparılıb.
“Müdafiə Xətti”nin icraçı direktoru Rüfət Səfərov bildirib ki, nazir müvəqqəti saxlama təcridxanalarının monitorinqi məsələsinin “tədricən həll ediləcəyini” vəd edib.
Həbs edilmiş Hacıyevin hüquqlarının pozulması faktları və polisin əsassız olaraq onu narkobaron adlandırması nazirin diqqətinə çatdırılıb. Sonradan Hacıyevə “təqsirini boynuna alması” təklif edilib, müalicəyə göndəriləcəyi vəd olunub. Nazir bu işin nəzarətə götürülməsi barədə göstəriş verib.
Görüşdə həmçinin onlarla hərbiçinin və mülki şəxsin əsassız olaraq dövlətə xəyanətdə ittiham olunduğu “Tərtər hadisələri” ilə bağlı tədqiqatlar zamanı kobud pozuntulara toxunulub.
Turan