Simmetrik status ideyası

Vaqif Hacıbəyli

 

Simmetrik status ideyası 1991-ci ilin oktyabr ayında “Müxalifət” qəzetinin ilk sayında dərc edilən “Biz hara gedirik” adlı konseptual yazımda ilk dəfə irəli sürülüb. Sonralar həmin ideya Demokratik Konqresin, Milli Müqavimət Hərəkatının, Qarabag Azadlıq Təşkilatının, Milli Strateji Düşüncə Mərkəzinin qəbul etdiyi sənədlərə salındı və ümummilli idaya kimi təsdiq olundu.

 

Dünən İlham Əliyev NATO rəhbərliyi ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizi ilə eyni olmalıdır. MSDM-nin son açıqlamasında bu mövqenin rəsmi qaydada beynəlxalq aləmə açıqlanmasının vacibliyi qeyd olunmuşdu. Bu mənada İlham Əliyevin sözügedən açıqlaması məni tam qane edir.

 

Erməni tərəfi bu ideyanı müsbət qarşılamayıb. Onlar anlayırlar ki, simmetrik status ideyası dəhliz məsələsinə tətbiq edilərsə, sabah Qarabagda məskunlaşan ermənilərin statusu gündəmə gətiriləndə cavab eyni olacaq: Ermənistan öz ərazisindən didərgin saldığı azərbaycanlıları əvvəlki məskənlərinə qaytarılmasını təmin edib onlara hansı statusu verəcəksə, Azərbaycan da ölkəmizdə yaşayan ermənilərə həmin statusu verməyə hazırdır. Ümid edək ki, məqbul bir vaxtda belə bir açıqlamanın da şahidi olacagıq.