Saleh Rüstəmovu müdafiə aksiyasının iştirakçıları saxlanılıb- Yenilənib/Video
Dekabrın 15-də Bakının Fəvvarələr Meydanında artıq 40-cı gündür həbsxanada aclıq edən siyasi Məhbus Saleh Rüstəmovun azadlığa buraxılması tələbi ilə aksiyanın keçirilməsinə polis tərəfindən imkan verilməyib.
Saleh Rüstəmovun bacısı Yeganə Rüstəmli polis tərəfindən saxlanılıb. Aksiyanı işıqlandırmaq üçün hadisə yerinə gələn jurnalistlər təzyiqlə üzləşib.
***
“Turan”ın məlumatına görə, 20-yə yaxın adam, o cümlədən Saleh Rüstəmovun bacısı Yeganə Rüstəmli, Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu, AXCP üzvü Əvəz Hüseynov və digərləri saxlanılıb.
***
1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.
AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.
2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.
Bir müddət əvvəl Saleh Rüstəmovun işindən Ali Məhkəmənin Plenumuna müraciət olunub.
Dekabrın 6-da isə vəkillər Bakının Nizami Rayon Məhkəməsinə müraciət təqdim ediblər. Müraciətdə Saleh Rüstəmovun böyrək çatışmazlığından və başqa xəstəliklərdən əziyyət çəkdiyi, aclıq aksiyası nəticəsində orqanizminin çox zəiflədiyi vurğulanır, səhhətinin nəzərə alınaraq həbsdən azad olunması istənir. Bu iş hakim Nəriman Mehdiyevin icraatına verilib, proses hələ təyin edilməyib.
Video: Nurlan Libre