Qazaxıstan üçün geri dönməmə nöqtəsi
Çərşənbə günü TASS bildirib ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə tərəfdaşlarına müraciət edərək iğtişaşları təcavüz aktı kimi xarakterizə edib və “bu terror təhlükəsinin aradan qaldırılmasında” yardım istəyib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik edən Nikol Paşinyan bu müraciətə operativ reaksiya verib: “Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, kənar müdaxilə də daxil olmaqla, təhdid səbəbindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurası kollektiv təhlükəsizlik haqqında müqavilənin 4-cü maddəsinə uyğun olaraq, Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Respublikasında vəziyyətin sabitləşdirilməsi və normallaşdırılması məqsədilə vaxt məhdudiyyətilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul edib”.
Lakin çərşənbə günü günorta Tokayev xalqa müraciət quldurluq, xuliqanlıqlıq edən yüksək mütəşəkkil ünsürlərdən, maddi motivasiyalı sui-qəsdçilərin diqqətlə düşünülmüş planından danışıb. Terrorizm və təcavüz haqda heç bir söz yoxdur.
Kollektiv təhlükəsizlik haqqında müqavilənin 4-cü maddəsinə uyğun olaraq, Qazaxıstana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunlarının yeridilməsini əsaslandırmaq üçün “təcavüz”, yəni xarici hücum formulu tətbiq edilib: “Əgər iştirakçı dövlətlərdən biri təcavüzə (təhlükəsizlik, sabitlik, ərazi bütövlüyü və suverenliyi təhdid edən silahlı hücum) məruz qalarsa, bu, iştirakçı dövlətlər tərəfindən bu müqavilənin iştirakçısı olan bütün dövlətlərə qarşı təcavüz (təhlükəsizlik, sabitlik, ərazi bütövlüyü və suverenliyi təhdid edən silahlı hücum) kimi qiymətləndiriləcək. İştirakçı dövlətlərdən hər hansı birinə qarşı təcavüz (təhlükəsizlik, sabitlik, ərazi bütövlüyü və suverenliyi təhdid edən silahlı hücum) törədildikdə, həmin dövlətin xahişilə digər iştirakçı dövlətlər dərhal ona hərbi yardım da daxil olmaqla, zəruri yardımı göstərəcək, həmçinin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, kollektiv müdafiə hüququnun həyata keçirilməsi qaydasında sərəncamlarında olan vəsaitlərlə dəstək verəcəklər.
Lakin həmsərhəd və ya digər dövlətlərin Qazaxıstana qarşı təcavüzünə dair heç bir fakt yoxdur. Yəni, maddə 4-dən istifadə edilə bilməz və ya ondan BMT Nizamnaməsini pozulmaqla istifadə olunacaq.
BMT Nizamnaməsinin 51-ci maddəsində deyilir: “Bu Nizamnamə təşkilatın üzvünə silahlı hücum zamanı Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün zəruri tədbirlər görməyincə, fərdi və ya kollektiv özünümüdafiə üçün ayrılmaz hüquqa şamil edilmir. Təşkilat Üzvlərinin bu özünümüdafiə hüququnun həyata keçirilməsində gördüyü tədbirlər dərhal Təhlükəsizlik Şurasına çatdırılmalı və bu Nizamnaməyə uyğun olaraq beynəlxalq sülhün və təhlükəsizliyin qorunması və ya bərpası üçün zəruri hesab etdiyi hərəkətlərin istənilən vaxt qəbulu ilə bağlı Təhlükəsizlik Şurasının səlahiyyətlərinə və məsuliyyətlərinə heç bir vəchlə toxunmamalıdır.
Yenə hücum faktı yoxdur. Ola bilər ki, söhbət hibrid müharibədən və ya təcavüzdən gedir. Lakin əgər Qazaxıstan başçısı təcavüz və terrorizmdən danışırsa, o zaman Nizamnamənin tələb etdiyi kimi, BMT TŞ-yə operativ şəkildə sübut təqdim etməli və bu barədə BMT-ni – yüksək vəzifədə çalışdığı və təşkilatın cəlb edilməsi mexanizmlərini bildiyi təşkilatı məlumatlandırmalıdır.
Yanvarın 5-də Tokayev xalqa müraciətində hadisələrin daxili xarakterindən aydın şəkildə danışır. Bundan əlavə, Tokayev problemin kökündə ölkədə siyasi böhranın durduğunu etiraf edir: “Tezliklə mən Qazaxıstanın siyasi transformasiyasına dair yeni təkliflərlə çıxış edəcəyəm. Mən ardıcıl islahatlarla bağlı əvvəlki mövqeyimdə qalıram”.
Lakin “sülhməramlılar”ın avtomatlarının lüləsi altında islahatların aparılması hakimiyyətlə cəmiyyət arasında etibarın yaradılması üsulu deyil. Hətta yalnışdır. Qazaxıstan xalqı qoşunların yeridilməsini KTMT tərəfindən təcavüz aktı kimi qəbul edəcək, necə ki Azərbaycanda belə olmuşdu. 1990-cı il yanvarın 20-də “konstitusion düzənin yaradılması” üçün Bakıya sovet qoşunları yeridilmişdi. Məhz bu, sovet keçmişinə geri dönməməyə nöqtə qoydu.
Mehman Əliyev
ASTNA.biz