Ermənistan, Tacikistan və Qırğızıstanın hərbçiləri Qazaxıstanı tərk edib
Ermənistan, Tacikistan və Qırğızıstandan olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlılarının bölmələri Qazaxıstandan daimi dislokasiya yerlərinə yola düşüblər, TASS xəbər agentliyi bildirir.
Ermənistandan olan qüvvələrin avtomobilləri və şəxsi heyəti Rusiya Aerokosmik Qüvvələrinə məxsus 3 nəqliyyat təyyarəsi ilə Almatı hava limanından çıxarılıb, Rusiya mediası yazır.
KTMT-nin Belarusdan olan sülhməramlılarının da yüklənməni başa vuraraq Qazaxıstanın Jitıgen aerodromundan 10 təyyarə ilə Minsk-ə yola düşdüyü bildirilir.
Qazaxıstanda sosial əhəmiyyətli obyektlərin mühafizəsi üzrə tapşırıqları yerinə yetirən KTMT-nin sülhməramlılarının Rusiyaya məxsus qüvvələrinin bir hissəsi “dörd ədəd İl-76MD hərbi-nəqliyyat təyyarəsi ilə Almatı aerodromundan daimi yerləşdirmə nöqtəsinə geri dönüb,” – Rusiya Müdafiə Nazirliyi (MN) cümə günü xəbər yayıb.
Qurum, həmçinin, bu həftəsonu KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin öz bazalarına qaytarılmasının davam etdiriləcəyini açıqlayıb.
“KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri Qazaxıstanda vəziyyətin normallaşması üçün qısa müddətə Qazaxıstana göndərilib. Sülhməramlıların ölkədən tədricən çıxarılması yanvarın 13-də başlayıb”. Rusiya MN “sülhməramlıların daimi dislokasiya məntəqələrinə qaytarılmasının bu il yanvarın 19-dək başa çatdırılmasının planlaşdırıldığını” bəyan edib.
Tacik hərbçilər bayram günləri olduğu üçün Qazaxıstanın hərbi təhsil müəssisələrində təhsil alan kursantlarını da götürərək Rusiyaya məxsus bir “İl-76” hərbi təyyarəsi ilə yola düşüblər.
Qırğızıstan sülhməramlıları isə zirehli hərbi texnikalarla təxminən 250 km-lik məsafədə dövlət sərhədinə doğru istiqamət alıblar, Rusiya mediası yazır.
BBC