Aİ-dən sanksiya: Şoyqu, Zaxarova, Solovyov, Simonyan və 400-ə yaxın digər rusiyalı qara siyahıda

 

Onlara Avropa İttifaqına daxil olmaq və onun bank sistemindən istifadə  qadağan edilib

 

Avropa İttifaqı Rusiya Federasiyasının siyasi, hərbi və iqtisadi rəhbərliyinin 400-ə yaxın nümayəndəsinə, jurnalistlərə və ictimai xadimlərə sanksiyalar tətbiq edib. Bu barədə cümə axşamına keçən gecə Aİ-nin   rəsmi jurnalında məlumat verilib.

Beləliklə Aİ-nin Rusiyaya qarşı  sanksiya siyahısı 2,5 dəfə artıb. “İndi qara siyahıya 555 nəfər və 52 təşkilat daxildir”.

 

Sanksiya siyahısına müdafiə naziri Sergey Şoyqu, Rusiya prezidenti administrasiyasının rəhbəri Anton Vayno, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, RT rəhbəri Marqarita Simonyan, teleaparıcı Vladimir Solovyov da daxildir.

 

Siyahıda həmçinin baş nazirin müavini Marat Xusnullin, baş nazirin müavini Dmitri Qriqorenko, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Nikolay Evmenov, Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini Vladimir Kasatonov, Quru Qoşunlarının baş komandanı Oleq Salyukov, Hərbi Hava Qüvvələrinin komandanı Sergey Dronov, Aerokosmik Qüvvələrin baş komandanı Sergey Surovkin, Qara Dəniz Donanmasının komandanı İqor Osipov da daxil edilib.

 

Bundan əlavə, “LXR” və “DXR”-in “müstəqilliyinə” səs vermiş bütün Dövlət Dumasının deputatları (ümumilikdə 330-dan çox adam) sanksiya siyahısına salınıb.

 

Parlamentarilər arasında “qara siyahı”ya Pyotr Tolstoy, Aleksey Puşkov, Gennadi Züqanov daxil edilib.

 

Qara siyahıya prezident Vladimir Putinin yaxın dostu Yevgeni Priqojinin həyat yoldaşı Lyubov Priqojina və anası Violetta Priqojina da daxildir.

 

Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqanskdakı separatçı rejimlərin “suverenliyini” tanıdığını bəyan edib. Onların rəhbərləri ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr imzalanıb.

 

Basta