Bayden “Şimal axını 2″-nin operatoruna qarşı sanksiyalar tətbiq etdi

 

ABŞ prezidenti Co Bayden “Şimal axını 2” qaz kəmərinin operatoru olan “Nord Stream 2 AG” şirkətinə qarşı sanksiyaların tətbiqi barədə göstəriş verib. Bu barədə Ağ Evin saytında məlumat verilib.

 

“Dünən hökumətlərimiz arasında növbəti sıx məsləhətləşmələrdən sonra Almaniya boru kəmərinin sertifikatlaşdırılmasını dayandırdığını elan etdi. Bu gün mən administrasiyama Nord Stream 2 AG şirkəti və onun  rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyi tapşırdım”, – Bayden deyib.

 

ABŞ prezidentinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin öz hərəkətləri ilə dünyaya Rusiya qazından imtina etmək və digər enerji növlərinə keçmək üçün qarşısıalınmaz stimul verib.

 

Fevralın 22-də Almaniya “Şimal axını 2” qaz kəmərinin sertifikatlaşdırılması prosesini dayandırıb. Almaniya kansleri Olaf Şolsun sözlərinə görə, bu qərar Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsi və separatçı “DXR” və “LXR”in Kreml tərəfindən tanınması fonunda qəbul edilib.

 

Bir gün əvvəl ABŞ Rusiyanın iki bankına, eləcə də Rusiyanın suveren borcuna qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, Rusiya rəhbərliyinin nümayəndələrinə və onların ailə üzvlərinə qarşı şəxsi sanksiyalar tətbiq olunacaq. Banklardan biri VEB, ikincisi isə “hərbi bank”dır. Sonradan məlum oldu ki, bu, Rusiya müdafiə sənayesinin əsas bankı olan “Promsvyazbankdır”.

 

Basta