İsa Qəmbər başqanlığa namizədliyini irəli sürdü

Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, İsa Qəmbər bu haqda qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb.

Bundan əvvəl Natiq Ulubəy və Osman Kazımov başqanlığa öz namizədliklərini irəli sürüblər.

1957-ci il fevralın 24-də doğulan İsa Qəmbər Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1979-cu ildən elmi fəaliyyət göstərib.

Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra bir müddət həbsdə yatıb.

İsa Qəmbər Müsavat Partiyasının bərpasının rəhbərlərindəndir. 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə partiya başqanı seçilib.

2014-cü ildə başqan postundan gedən İsa Qəmbər partiya Məclisinin üzvüdür.