Müsavat Məclisinin sessiyasından önəmli qərarlar

Fevralın 27-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, onlayn formatında keçirilən sessiya Müsavat himninin oxunması ilə başlayıb.

 

İclasla eyni saatda Ukraynanın Azərbaycandakı səfirliyi önündə keçirilən aksiya və burada 50-dən çox müsavatçının iştirakı barədə məlumat verilib.

 

Məclis sədri Nüşabə Sadıxlı  gündəliyi səsə qoyduqdan sonra sözü partiya başqanı Arif Hacılıya verib.

 

Partiyanın başqanı Arif Hacılı məruzə ilə çıxış edib. O, ölkədə və dünyada baş verən siyasi proseslərin fonunda Partiyanın qarşısında duran vəzifələrdən danışıb, partiyanın fəaliyyətinin genişləndirilməsi və təbliğatın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

 

İclasda Müsavat Partiyasının Məclisi adından üç sənəd, o cümlədən Rusiyanın Ukraynanı işğal etmək cəhdi ilə bağlı bəyanat, Azərbaycanda pandemiya məhdudiyyətlərinin aradan qaldırılması tələbi ilə bəyanat və dərmanların ucuzlaşdırılması tələbi ilə bəyanat əsas kimi qəbul edilib.

 

Toplantıda Məclis üzvləri Gülağa Aslanlı, Əlikram Xurşidov, Ərzulla Buludlu, Nemət Kərimli, Başxanım Abbaslı, Mehman Kərimli, Baha Mikayılov, Mustafa Hacıbəyli, Namiq Hacıbəyli, Razim Əmiraslanlı, Yusif Tağı və Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Sevinc Hüseynova çıxış ediblər.

 

 

Çıxışlarda Rusiyanın Ukraynada müharibəni uduzmasından sonra bütün dünyada totalitarizmin çökməsi üçün zəmin yaranacağı, bunun ilk növbədə postsovet məkanına, o cümlədən Azərbaycana təsir edəcəyi bildirilib. Qeyd edilib ki, bu mərhələdə Müsavat səfərbər olunmalı, Azərbaycanın köklü problemlərinin həlli istiqamətində mübarizənin gücləndirilməsi üçün tədbirlər görməlidir.

 

 

 

Basta