Ukraynanın xeyrinə, Rusiyanın zərərinə

Səxavət Soltanlı

 

Suallardan biri budur ki, heç bir nəticə gözləmədiklərini dedikləri halda, Ukrayna Rusiya ilə niyə danışıqlara gedir, niyə bu təkliflərlə çıxış edirlər?

 

Çox doğru edir.

 

Məsələn, bu gün Kulebanın Lavrovla görüşündə əsas məsələlərdən birinə diqqət yetirək. Faktiki mühasirədə olan, ağır döyüşlərin getdiyi Mariupol şəhərinin dinc sakinləri üçün humanitar dəhlizin yaradılması, müvəqqəti atəşkəsin saxlanılması, uşaqların, yaşlıların, qadınların və xəstələrin təxliyə edilməsi ilə bağlı idi.

 

Bu məsələdə məlumdur ki, anlaşma əldə edilmədi.

 

Bununla belə bu da bir nəticədir. Ukraynanın xeyrinə, Rusiyanın zərərinə olan nəticədir.

 

Birincisi, bütün dünya bir daha görür ki, Rusiya amansız və cinayətkarıdr. Putinin heç bir insan sevgisi yoxdur.

İkincisi, Rusiya xalqı, vətəndaşları görür ki, bu müharibə Ukrayna vətəndaşı olan rusların xilası ilə bağlı deyil.

 

Üçüncüsü və ən vacibi, bildiyimiz kimi Mariupolda demoqrafik vəziyyət elədir ki, yerli əhalinin təxminən 40 faizi etnik mənsubiyyətinə görə ruslardır. Həm də həmin ruslar üçün Ukrayna humanitar dəhliz istəyir, onları xilas etməyə çalışır. Rusiya isə buna imkan vermək istəmir.

 

Beləliklə, Rusiyanın Ukraynada ən böyük gücü hesab edilən etnik ruslar da bu müharibənin onları düşünən, onların haqları üçün başladılan müharibə olmadığını görür. Rusiyaya nifrətləri artır, qəlbində az da olsa Rusiya sevgisi olanların sevgisi dərhal nifrətə çevrilir. Bu mənada rəsmi Kiyevin tez-tez humanitar dəhliz məsələlərini gündəmə gətirməsi əbəs deyil. Rusiyanı fakt qarşısında qoymaqla Ukrayna vətəndaşı olan rusları da faktlarla üz-üzə qoyur Rusiyanın əsl üzünü onlara və dünyaya göstərmiş olur. Nəticədə həmin Rusların ciddi hissəsi öz ailələrini, uşaqlarını xilas etmək üçün Rusiyaya qarşı vuruşmağa mənəvi-psixoloji cəhətdən hazır olurlar.

 

Bu vəziyyət digər şəhərlərə də aiddir. Xüsusi ilə Xarkov kimi rus və qeyri ukraynalı mənşəli sakinlərinin çox olduğu şəhərlərə.

 

Rusiya beləcə itirə itirə gedir.