Rusiya Qarabağdakı sülhməramlıları Ukraynaya aparır – Arestoviç

Müharibənin əvvəlində ruslar tərəfindən Ukraynaya 90-dan çox batalyon gətirilmişdi. Onlardan 15-ə yaxını tamamilə məhv edilib, 20-dən çoxu isə yararsız hala düşüb.

 

Bu barədə Ukrayna televiziyasının efirində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

 

“Onlar indi ehtiyat toplayırlar, sülhməramlıları Abxaziyadan, Dağlıq Qarabağdan çıxarırlar, qismən səfərbərlik adı altında oraya hərbçi cəlb etməyə və 20-30 batalyonu bərpa etməyə çalışırlar. Ancaq belə insanların döyüş qabiliyyətini təxmin etmək olar”, – Arestoviç bildirib.

 

“Amma onlar axmaq olduqlarına görə yenə hər şeyi səhv edəcəklər, o zaman bu ehtiyatlar da tükənəcək. Onlara daha iki-üç həftə vaxt verirəm. Bundan sonra onlar “dovşana” dönəcəklər, çünki döyüşməyə heç bir rezervləri qalmayacaq” – deyə, Arestoviç qeyd edib.

 

Rusiyanın Ukraynaya hücumları 17 gündür ki davam edir.  Ukrayna SQ Baş Qərargahın məlumatına görə, döyüş əməliyyatları başlayandan bəri Ukrayna ərazisində Rusiyanın 31 taboru döyüş qabiliyyətini itirib.

 

Rusiya “sülhməramlı” kontingentin Qarabağdan çıxarılaraq Ukraynaya aparılması barədə xəbərlər artıq bir həftədir ki, yayılmaqdadır. Amma bu məlumatlar rəsmən təsdiqlənməyib. İlk dəfədir ki, bu xəbəri rəsmi şəxs – Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri səsləndirir.

 

Müşahidəçilərin fikrincə, sülhməramlı kontingentin tam olaraq çıxarılması inandırıcı olmasa da, onların bir qisminin  Ukraynaya aparılması istisna deyil. Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərləri arasında 9 noyabr 2020 il tarixdə imzalanan üçtərəfli bəyanatda 1960 nəfər Rusiya hərbçisinin Qarabağa gətirilməsi nəzərdə tutulub. Lakin onların dislokasiya yerinə Azərbaycan tərəfindən ictimai nəzarət olmadığı üçün hərbi kontingentin sayının normadan artıq olduğu ehtimal edilir. Ola bilər ki, Rusiya Qarabağdakı hərbi kontingentin normadan artıq olan hissəsini Ukraynadakı müharibəyə cəlb edib.

 

Basta