Rusiyanın tam məğlubiyyəti yaxınlaşır və Putin hakimiyyətini itirəcək – Frensis Fukuyama

 

Filosof əmindir ki, Rusiyanın məğlubiyyəti “azadlığın yeni doğuluşunu” mümkün edəcək

 

Amerikalı filosof və siyasi iqtisadçı Frensis Fukuyama Ukraynaya hücumun Rusiya üçün nəticələrini  proqnozlaşdırıb.

 

Fukuyamanın 12 bəndlik proqnozlarını American Purpose onlayn jurnalı dərc edib.

 

1. Rusiyanın Ukraynada tam məğlubiyyəti getdikcə yaxınlaşır. Ukraynalıların Rusiyaya müqavimət göstərməyəcəyi və hücumdan dərhal sonra  Ukrayna ordusunun yıxılacağına dair yanlış fərziyyəyə əsaslanan planlar  Rusiyanı məyus edib. Rus əsgərləri əlavə sursat və ləvazimat əvəzinə Kiyevdəki parad üçün forma geyiniblər. Putin öz qüvvələrinin əsas hissəsini bu əməliyyata göndərib – indi isə onun döyüşdə istifadə oluna biləcək böyük ehtiyatı yoxdur. Rusiya qoşunları Ukraynanın müxtəlif şəhərlərinin yaxınlığında ilişib qalıblar, onlar  resurs çatışmazlığından və Ukraynanın davamlı  hücumlarından əziyyət çəkirlər.

 

2. Onların iflası tədricən yox, qəfil və fəlakətli ola bilər. Çöllərdə qalan ordu elə bir həddə gəlib çatacaq ki, nə resurs əldə edə biləcək, nə də geri çəkilə, onların döyüş ruhu əriyəcək. Ən azından bu, artıq şimalda baş verir; cənubda ruslar daha yaxşı işləyirlər, lakin şimaldakı qruplaşmalar məğlub olarsa, onların öz mövqelərinini saxlaması çətin olacaq.

 

3. O vaxta qədər münaqişənin diplomatik yolla həlli mümkün deyil. İtkilərin indiki  səviyyəsi fonunda  həm Rusiyanı, həm də Ukraynanı qane ədəcək hər hansı bir xəyali kompromis variantı mövcud deyil.

 

4. BMT Təhlükəsizlik Şurası öz lazımsızlığını bir daha sübut etdi. Onun yeganə faydası ondan ibarət oldu ki, Baş Assambleyada keçirilən səsvermədə dünyanın pis oyunçularını və mövqe bildirməkdən yayınanlar müəyyən edildi.

5. Bayden administrasiyasının hər iki qərarı – Ukrayna səmasını bağlamamaq və Polşa MİQ-lərini ora ötürməmək – düzgün idi. Çox emosional anlarda soyuqqanlı davrandılar. Yaxşı olar ki, ukraynalılar rusları təkbaşına məğlub etsinlər, Moskvanı NATO-nun hücumuna məruz qaldıqlarınnı bəhanə edib öz əməllərinə  bəraət qazandırmaq imkanından məhrum etsinlər.  Eskalasiya üçün aşkar risklər azaldılmalıdır.  Polşanın MİQ-ləri ukraynalılara o qədər də kömək etməyəcəkdi. İndi Ukrayna ordusu üçün rabitə avadanlığı, kəşfiyyat məlumatlarının mübadiləsi,  Javelinlər, Stingerlər, TB2-lər, dərmanlar daha vacibdir. Düşünürəm ki, Ukrayna qüvvələri artıq NATO-nun kəşfiyyat məlumatlarından  istifadə edir.

 

6. Ukrayna çox yüksək bədəl ödəyir, bu doğrudur. Ancaq ona ən çox raketlər və artilleriya zərər verir, bu məsələdə nə qapalı səma, nə də MİQ-lər kömək etməyəcək. Qan tökülməsini dayandıracaq yeganə şey rus ordusunun döyüş meydanda məğlub olmasıdır.

 

7. Putin, ordusunun məğlubiyyətindən salamat çıxa bilməyəcək. O, güclü insan hesab edildiyi üçün dəstəklənir; öz səriştəsizliyini və gücsüzlüyünü  nümayiş etdirəndən sonra nə təklif edə bilər?

 

8. Hücumdan əvvəl Putinə rəğbətini ifadə edən bütün dünyada populistləri böyük zərbə aldı – Matteo Salvini, Jair Bolsonaro, Erik Zemmur, Marin Le Pen, Viktor Orban və təbii ki, Donald Tramp.

 

9. Bu müharibə müəyyən dərəcədə Çin üçün yaxşı dərsdir. Rusiya kimi, Çin də son on ildə guya yüksək texnologiyalı hərbi qüvvələr qurur, lakin bu qüvvələrin real döyüş təcrübəsi yoxdur. Çin aviasiyası çox güman ki, mürəkkəb hava əməliyyatlarında təcrübəsi olmayan Rusiya Hərbi Hava Qüvvələrinin kədərli nümunəsini təkrarlayacaq. Ümid etmək olar ki, Çin rəhbərliyi Tayvana mümkün hücum haqqında düşünərkən, ruslar kimi illüziyalar qurmayacaq.

 

10. Ümid edirik ki, Tayvan müstəqil şəkildə ukraynalılar kimi döyüşə hazırlaşmağın lazım olduğunu başa düşəcək və hərbi səfərbərliyi bərpa edəcək.

 

11. Türkiyənin pilotsuz aparatları –  “Bayraktar”lar hit olacaq.

 

12. Rusiyanın məğlubiyyəti “azadlığın yeni doğuluşuna” imkan verəcək və qlobal demokratiyanın tənəzzülü ilə bağlı giley-güzarımızı aradan qaldıracaq. Bir ovuc cəsur ukraynalıların sayəsində 1989-cu ilin ruhu yenidən yaşayacaq.

 

Tərcümə: Mustafa Hacıbəyli

 

Basta