Orduya dəstək mitinqindən sonra həbs edilənlərin valideynləri aksiya keçirdi
İyulun 14-də Azərbaycan Milli Məclisinin qarşısında baş vermiş hadisələrlə əlaqədar həbs olunan şəxslərin valideynləri avqustun 10-da Baş Prokurorluğun binası qarşısında etiraz aksiya keçirməyə cəhd edib.
Etirazçılar həbs olunan övladlarının taleyindən narahatdır. Onlar bildirib ki, həbs olunanların bəziləri ümumiyyətlə Qarabağa dəstək yürüşündə iştirak etməyib.
“Fuad Qəhrəmanlının taleyindən narahatıq. Bəxtiyar İmanov həmin gün heç evindən çıxmayıb, amma ona qarşı üç maddə ilə cinayət işini açıblar, buna etirazımızı bildiririk,” etirazçılardan biri deyib.
Həbs olunanların valideynlərinin bəziləri övladlarının əvəzinə həbsə hazır olduqlarını bildirib.
“Vətəni sevmək cinayətdirsə gəlsinlər bu gün məni da həbs etsinlər, çünki mən 1988-ci ildən Şuşadan başlayaraq Azərbaycanın bütün ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişəm. Altı il işğalçılara qarşı mübarizə aparmışam. Əgər Qarabağı, vətəni sevmək cinayətdirsə deməli ən böyük cinayətkar mənəm. Gəlsinlər məni həbs etsinlər, heç olmasa övladımı buraxsınlar,” digər etirazçı qeyd edib.
Aksiya iştirakçıları həbs edilən övladları ilə əlaqə saxlamağa imkan yaradılmadığını deyib.
“Heç bir əlaqə saxlaya bilmirik. Bir dəfə paltarını göndərmişəm, bir dəfə isə ərzaq aparmışam. Orada mənə heç bir məlumat vermədilər. Həddindən artıq etinasız yanaşırlar. Mən nə istəyirəm ki? Oğlum haqqında hər hansı bir formada məlumat almaq istəyirəm. Heç bir sübut olmadan onları xəstəlik yaymaq maddəsi ilə vərəm xəstələri üçün müəssisəyə aparıblar. Ailədə altı nəfər yaşayırıq. Mənim oğlum əgər xəstədirsə deməli biz hamımız xəstə olmalıyıq. Ancaq bu yoxdur axı,” etirazşı deyib.
Baş Prokurorluğun nümayəndəsi etiraz aksiyanı keçirənlərə bildirib ki, qurumun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov həbs olunmuş şəxslərin valideynlərini bu gün qəbul edəcək.
Aksiya insidentsiz başa çatıb.
Müdafiə Xətti hüquq müdafiə təşkilarının məlumatına görə, iyulun 14-15-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən döyüşlərdə Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə Bakıda keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi üzrə yüzdən çox insan saxlanılıb.
“Elekton məhkəmə portalında yayılan məlumatların təhlili, tarixlər və ittiham irəli sürülmüş maddələrin eyniliyi Qarabaq aksiyasi ilə bağlı qaldırılmış cinayət işi üzrə yüzdən çox insanın saxlanıldığını deməyə əsas verir. Bununla yanaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyası 47 fəalının, Müsəlman Birliyi Hərəkatı 2 fəalının,Azərbaycan Demokratiya və Rifah Hərkatı 1 fəalının saxlaıldığını bildirib. Digər saxlanılanların siyasətə bağlılığı yoxdur,” Müdafə Xətti təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib.
Bununla yanaşı, rəsmi qurumlar saxlanılanlar və ittiham irəli sürülən insanların sayı barədə məlumat yaymayıb.
Qısa tarixcə və rəsmi məlumat
İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.
Amerikanın səsi