Müsavat Tofiq Yaqublu ilə bağlı hakimiyyətlə müzakirə təklif etdi
Aprelin 7-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.
Müsavat Partiyasının rayon təşkilatlarında keçirilən iclaslar haqda məlumat verilib. Bildirilib ki, Zaqatalada bölgə üzrə rayon təşkilatları rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayon təşkilatlarının təmsilçiləri iştirak ediblər.
İclasda əsassız olaraq həbs edilmiş Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyası barədə məlumat verilib. Qeyd edilib ki, səhhətində ciddi problemlər olan Tofiq Yaqublunun ölüm aclığına başlaması xüsusi narahatlıq doğurur. Divanda təklif olunub ki, Tofiq Yaqublu və həbsdə olan digər ictimai-siyasi fəallarla bağlı hakimiyyətlə müzakirə aparılsın.
Müsavat Partiyası bu təkliflə bağlı hakimiyyətdən cavab gözləyir.
Qeyd edilib ki, ictimaiyyət və Tofiq Yaqublunun hüquqlarının müdafiəçiləri, onun həyatının xilas edilməsi üçün bütün mümkün imkanlardan istifadə etməlidirlər.
Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması sahəsində olan problemlər müzakirə olunub. Bu problemlərin aradan qaldırılması ilə bağlı partiyanın təkliflər paketinin yenilənməsi qərara alınıb.
İclasda regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.