İctimai fəallar mayın 14-nə aksiya təyin edib

Bir qrup ictimai fəal mayın 14-də Bakının Fəvvarələr Meydanında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Aksiyanın məqsədi ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə etiraz etməkdir.

 

Fəallar keçiriləcək aksiya ilə bağlı videoçarx hazırlayıblar. Videoda “övladlarımızın gələcəyindən nigaran olmayaq, etiraz haqqımız əlimizdən alınmasın, vətəni qoruyarkən, vətən xaini damğası almayaq”, ifadələri yer alıb.

 

Aksiya ilə bağlı müraciətdə deyilir ki, ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz edir.

 

Aksiya barədə yaradılmış eventdə bildirilir ki, etiraz aksiyası Fəvvarlə Meydanından başlayaraq Daxili İşlər Nazirliyinin qarşısına doğru dinc yürüyüşdən ibarət olacaq.

 

 

Turan