Müsavatçı Əlikram Xurşidov polisə aparıldı – Yenilənib

Müsavat Partiyası Şirvan təşkilatının sədri Əlikram Xurşidov, ona aidiyyatı olmayan cinayət işi üzrə şahid qismində dindirildikdən sonra sərbəst buraxılıb.

“Hansısa bir oğurluq hadisəsinə görə məndən ifadə aldılar, halbuki məqsəd dünənki statusuma görə təzyiq etməkdir” – deyə, Xurşidov bildirib.

***

Şirvan Polis Şöbəsinin əməkdaşları Müsavatın yerli təşkilatının sədri Əlikram Xurşidovu şöbəyə apardıqdan sonra, onun evinə gələrək mobil telefonunu axtarıblar. Ailə üzvlərinin verdiyi məlumata görə, mobil telefonu tapmaq mümkün olmayıb.

Ehtimal olunur ki, Əlikram Xurşidov Şirvan polisinin fəaliyyəti ilə bağlı ötən gün özünün feysbuk səhifəsində yazdığı aşağıdakı statusa görə şöbəyə aparılıb:

.

***

Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri, keçmiş siyasi məhbus Əlikram Xurşidov Şirvan şəhər Polis Şöbəsinə aparılır. Bu haqda “Basta”ya o, özü məlumat verib.

“Polisdən işlədiyim yerə gəlib şöbəyə aparacaqlarını bildirdilər. Rəsmi bildiriş tələb etdim, amma məhəl qoymadılar. Niyə aparıldığımı bilmirəm” -deyə, Xurşidov bildirib.

Qeyd edək ki, Ə.Xurşidov 2017-ci il noyabrın 22-də Şirvan şəhərində həbs olunmuş və Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.  O, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb və 2019-cu mart ayında əfv sərancamına əsasən azadlığa buraxılıb.

Basta