Tokayev Putinin iştirakı ilə keçirilən toplantıda Donetsk və Luqanskdakı rejimləri “kvazi-dövlətlər” adlandırdı
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “DNR” və “LNR”i kvazi-dövlətlər (qondarma dövlətlər) adlandırıb. O, bunu Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında sualları cavablandırarkən deyib.
Tokayev bildirib ki, Qazaxıstanda açıq cəmiyyət formalaşıb və orada Ukraynadakı “xüsusi əməliyyat”la bağlı müxtəlif fikirlər səsləndirilir.
Onun sözlərinə görə, BMT Nizamnaməsinin iki əsas prinsipi – millətlərin öz müqəddəratını təyin etmək hüququ və dövlətlərinbərazi bütövlüyü bir-biri ilə ziddiyyət təşkil edib. “Amma ümumilikdə hesablamalara görə, bütün millətlərin öz müqəddəratını təyinetmə hüququ bütün dünyada reallaşarsa, o zaman hazırda BMT-nin üzvü olan 193 dövlətin əvəzinə Yer kürəsində 500-600-dən çox dövlət yaranacaq. Təbii ki, bu, xaos olacaq.Bu səbəbdən biz nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanımayacağıq.Görünür, bu prinsip həm də bizim fikrimizcə, Luqansk və Donetskdəki kvazi-dövlət ərazilərinə şamil olunacaq. Bu sizin səmimi sualınıza səmimi cavabdır” – dedi.