Rəsulzadənin Novxanı kəndindəki abidəsi ziyarət edildi
Yanvarın 31-də müxalifət partiyaları Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadəinin anadan olmasının 139-cu ildönümünü münasibəti ilə Bakının Novxanı kəndindəki abidəsini ziyarət ediblər.
Kəndin girişindən heykələ qədər davam edən yürüşdə, “Azərbaycan”, “Müsavat”, “Məhəmməd Əmin Rəsulzadə” kimi şüarlar səsləndirilib.
Anım tədbirində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, onların dövlətçilik tarixindəki rolundan danışılıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, ölkədə Məhəmməd Əmin Rəsulzadə ideologiyası qalib gələcək və Azərbaycanda demokratik, hüquqi dövlət qurulacaq:
“Biz Müsavat Partiyası olaraq artıq 30 ilə yaxındır ki, hər dəfə 31 yanvarın burada, böyük Məhəmməd Əmin Rəsulzadənin doğulduğu müqəddəs torpaqda, Novxanı kəndində qeyd edirik. Məhəmməd Əmin Rəsulzadənin doğum günü təkcə şimali Azərbaycanda yaşayan soydaşlarımız üçün yox, dünyanın hər yerində yaşayan 50 milyondan çox soydaşlarımız üçün böyük bir bayramdır”.
Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası da Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib.
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli çıxışı zamanı qeyd edib ki, hazırki hökumət Rəsulzadəni unutdurmağa çalışır:
“Sovet dövründə, 70 il Sovetlər bütün strukturları ilə bu böyük şəxsiyyətə qarşı mübarizə aparıb, bir şey əldə edə bilmədilər. Rəsulzadənin adı və ideyaları ona qarşı mübarizə aparanlardan daha uzunömürlü oldu. Bildiyiniz kimi, bu gün Rəsulzadənin abidəsi yalnız 1 kənddə olsa da, onun adı və parlaq xatirəsi bizim insanlarımızın qəlbindədir. Bu adı xalqın, millətin içindən heç kim çıxara bilməz”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan dövlətinin qurucusu olduğunu bildirib:
“Biz yaxşı bilirik ki, Xalq Cümhuriyyətinin qurulması, yüzlərlə böyük mütəfəkkirin əziyyərinin nəticəsi idi. Biz yaxşı bilirik ki, minlərlə azərbaycanlının özünü qurban verməsinin nəticəsi idi bu cümhuriyyət. Amma biz simvol olaraq Rəsulzadənin simasında bütün Azərbaycan davasının iştirakçılarını nəzərə alırıq. Onların xatirəsini uca tuturuq. Onlara hörmətimiz ifadə edirik. nəyə görə məhz Rəsulzadənin işığında bunu edirik? Çünki Azərbaycan ideyasını muxtariyyətdən dövlət müstəqilliyinə qədər gətirib çıxaran bu şəxsiyyətdir. Çünki Azərbaycanı bütün dünyaya müstəqil dövlət kimi bəyan etmiş, Azərbaycan Milli Şurasının sədri bu şəxsiyyətdir”.