Müsavat başqanının müşaviri həbs edildi
Müsavat Partiyası başqanının müşaviri Əlikiram Xurşudova Səbail rayon məhkəməsinin qərarı ilə 30 sutka həbs cəzası verilib.
Bu haqda Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat yayıb:
“Əlikiram bəy xəfiyyələr tərəfindən oğurlanıb, gizli yolla məhkəməyə aparılıb, ona istədiyi vəkillə təmin olunmağa imkan verilməyib və şərlənərək 30 sutka həbsə atılıb. Bir neçə gün bundan əvvəl quru sərhədlərin açılması tələbi ilə keçirilən dinc aksiyada saxlanılan Əlikiram Xurşudov polisin tələbi ilə izahat yazarkən “Mən Azərbaycan Respublikasının Konstitusiyasının 49 maddəsinin şərtlərinə əməl etməklə etiraz etmək hüququmdan istifadə etmişəm” cümləsindən istifadə edib”.
Gülağa Aslanlı Əlikram Xurşidov və Əziz Məmiyevin qanunsuz həbs edildiyini bildirib, onların azadlığa buraxılmasını tələb edib.
Müsavat başqanı Arif Hacılı bu həbsi partiyaya qarşı repressiya tədbirlərinin davamı kimi qiymətləndirib.
“Partiyanın Gənclər Təşkilatı İdarə Heyətinın üzvü Əziz Məmiyev qondarma ittihamlarla həbs olunduqdan sonra indi də Müsavat başqanının müşaviri Məclis üzvü, keçmiş siyasi məhbus Əlikram Xurşudov həbs edilib.
Dünəndən zənglərlə axtarılan Əlikram bəy bu gün guya polisə tabe olmama ittihamı ilə 30 gün müddətinə həbs edilib. Demokratik İslahatlar apardığını bəyan edən hakimiyyət əksinə repressiya tədbirlərini daha da artırmaqla əsl avtoritar simasını göstərməkdədir.
Repressiyalara son qoyulmalı, Əlikram Xurşudov, Əziz Məmiyev və bütün siyasi məhbuslar dərhal azad edilməlidir” – deyə, Arif Hacılı vurğulayıb.
DİN mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “Basta”nın sualına cavab olaraq Əlikram Xurşidovun barəsində inzibati həbs nəzərdə tutan protokolun tərtib olunduğunu təsdiqləyib. O, ətraflı məlumat üçün DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova müraciət olunmasını tövsiyyə edib. Ehsan Zahidovla əlaqə saxlamaq mümkün olmayıb.
Basta