“Əfqan Muxtarlı İvanaşvilinin göstərişi ilə oğurlanıb” – Gürcüstan DTX-nin sabiq rəis müavinindən şok etiraf
“Mənim şəxsən İvanaşvilinin göstərişi ilə oğurlandığım bardə Gürcüstan Təhlükəsizlik Xidmətinin rəis müavini Soso Qoqaşvili bəyanat yayıb”.
Bu haqda jurnalist Əfqan Muxtarlı özünün feysbuk səhifəsində yazıb.
Soso Qoqaşvili bir həftə əvvəl həbs edilib. Ötən gün Qoqaşvili vəkilləri vasitəsi ilə bəyanat yayaraq bildirib ki, İvanaşvilinin göstərişi əsasında Təhlükəsizlik Xidmətinin xüsüsi əməliyyatlar departamenti Əfqan Muxtarlını oğurlayıb və kamera görüntülərini silib.
“Soso Qoqaşvili Gürcüstan Təhlükəsizlik Xidmətinin rəis müavini olaraq mənim oğurlamağım əməliyyatının bütün detallarlndan xəbərdardı. Biz onun prokurorluqda ifadə verməsinə nail olacağıq” -deyə Muxtarlı vurğulayıb.
Siyasi ekspert Xəqani Cəfərli hesab edir ki, bu etiraf Gürcüstan hakimiyyəti üçün ciddi problemə çevrilə bilər.
“Qoqaşvilinin Facebook səhifəsində dərc olunan məktubunda İvanişvilinin qanunsuz əmrinin icra edilməsində Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili və daxili işlər naziri Vaxtanq Qomelaurinin adlarını çəkir.
Soso Qoqaşvilinin bu etirafından sonra Bidzina İvanişvilinin “boynundakı kəndir”, sanksiya ilməyi sona kimi çəkiləcək.
“Əfqan Muxtarlı işi” heç şübhəsiz ki Azərbaycana da sıçrayacaq” – deyə Xəqani Cəfərli qeyd edib.
Jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyib.
O, məhkəmədə bildirib ki, Tbilisidə saxlanıb, zor tətbiq edilərək sərhədə gətirilib və Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.
Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbsə məhkum edilmişdi.
Beynəlxalq hüquq müdafiə təşkilatlarının Azərbaycan hakimiyyəti ilə apardığı danışıqlardan sonra həbsdən buraxılan Əfqan Muxtarlı Almaniyaya deportasiya edilib.
Basta