Britaniya Belarusla bağlı: “Seçkinin nəticəsini qəbul etmirik”
Böyük Britaniya Belarusda keçirilmiş prezident seçkisinin nəticələrini tanımır.
Ölkənin xarici işlər naziri Dominic Raab bazar günü bildirib ki, Britaniya bu nəticələri qəbul etmir, Reuters xəbər verir.
O, Belarusda Aleksandr Lukaşenkonun yenidən seçilməsini “saxta” adlandırıb və bildirib ki, beynəlxalq partnyorları ilə buna cavabdeh olan şəxsləri məsuliyyətə cəlb etmək üçün sanksiyalar üzərində işləyəcəklər.
“Bütün dünya Belarus hakimiyyətinin dinc aksiyaçılara göstərdiyi təzyiqi dəhşət içində izlədi”, – Dominic Raab bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəqibi Svetlana Tixanovskaya yeni seçkilər ərəfəsində “milli lider” olmağa hazırdı.
O bu barədə videomüraciət yayıb.
“Mənim əziz və sevimli belaruslularım! Biz hamımız və ölkəmiz tarixin alçaqlığın qəhrəmanlıqla, ümidsizliyin cəsarətlə, sevginin isə xəyanətlə həmsərhəd olduğu çox çətin dövrünü keçirik,” – Tixanovskayanın müraciəti bu sözlərlə başlayır.
O, çıxışında etirazlar zamanı ölən şəxslər barədə danışıb və “sizinlə bir ağlayıram” deyib. Tixanovskaya ölənlərin ailələrini dəstəkləməyi, onların şərəfinə küçələrə ad verilməsini təklif edir.
Bundan sonra Tixanovskaya nə üçün “milli lider” olmalı olduğunun səbəblərindən danışır:
“Mənim siyasi karyeram haqqında illüziyalarım olmayıb və yoxdur. Mən siyasətçi olmaq istəmirdim. Lakin tale elə gətirdi ki, mən özbaşınalıq və haqsızlığa qarşı olan qarşıdurmalarda ön cəbhədə yer aldım. Tale və siz. Mənə inanan siz, mənə güc verən siz… Sizin cəsarətinizə heyranam…”
Svetlana Tixanovskaya müraciətində deyir ki, “biz hamımız 26 idir davam edən sonsuz dairədən çıxmaq istəyirik”.
“Mən ölkənin sakitləşməsi və normal ritmə qayıtması üçün məsuliyyəti öz üzərimə götürməyə və bu dövrdə milli lider kimi çıxış etməyə hazıram. Onun üçün ki, biz bütün siyasi məhbusları azad edək və ən qısa müddətdə yeni prezident seçkilərinin təşkili üçün qanunverici baza və şərait təşkil edək,” – o deyib.
BBC