Krımdakı partlayışda Rusiyanın 9 təyyarəsi məhv edilib – Peyk fotoları

Ukrayna prezidenti Vladimir Zelenski avqustun 9-da Rusiyanın işğal olunmuş Krımdakı Saki aerodromunda 9 hərbi təyyarəsini itirdiyini bildirib.

Zelenski xalqa video-müraciətində deyib ki,  təkcə son 24 saat ərzində işğalçılar on döyüş təyyarəsini itirib: “Doqquzu Krımda və daha biri Zaporojye istiqamətində.  Həmçinin işğalçıların bir neçə zirehli texnikası, döyüş sursatı anbarları, logistika yolları da məhv edilib…”.

Bu arada Ukrayna mediasında Krımın Novofedorovka yaxınlığındakı aerodromda partlayışdan əvvəl və sonrakı vəziyyəti əks etdirən peyk şəkilləri yayımlanıb.

Həmin fotolarda görünür ki, burada 9 təyyarə məhv edilib. Onların arasında Su-30SM qırıcıları və Su-24M bombardmançıları var.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi partlayışın səbəbi kimi, yanğın və hərbi sursatların detonasiyasını göstərir. Lakin bir sıra ekspertlər partlayışın arxasında Ukrayna Silahlı Qüvvələrinin dayandığını bildirirlər.

 

Basta