Aİ və Böyük Britaniya Azərbaycandakı prezident seçkiləri ilə bağlı narahatlıqları bölüşürlər
Böyük Britaniya Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin məhdudlaşdırıcı, həqiqi siyasi alternativlərin olmadığı bir şəraitdə keçirilməsi ilə bağlı narahatlıqları bölüşdüyünü qeyd edib.
Böyük Britaniya xarici işlər nazirliyinin sözçüsünün 9 fevralda yaydığı bəyanatda qeyd edilir ki, Böyük Britaniya (DTİHB) seçki müşahidə missiyasına 10 qısamüddətli müşahidəçini töhfə verməkdən qürur duyur.
Bəyanatda Azərbaycan Mərkəzi Seçki Komitəsi tərəfindən seçki şikayətlərinə baxılması üçün Ekspert Qrupunun yaradılması, seçkinin sakit keçməsi və məcburi köçkünlərin öz seçki dairələrində səs verə bilməsi təqdir edilsə də, bir sıra narahatlıqların olduğu vurğulanır.
“Biz seçkilərin məhdudlaşdırıcı, həqiqi siyasi alternativlərin olmadığı bir şəraitdə keçirilməsi ilə bağlı bir sıra narahatlıq doğuran məsələləri bölüşürük. Ciddi pozuntular müşahidə edilmişdir ki, onlardan bəziləri bir sıra insan hüquqları və əsas azadlıqları əks etdirən 1990-cı il Kopenhagen Sənədinə ziddir”, sənəddə bildirilir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki proseslərinin ədalətli qiymətləndirilməsinin təmin edilməsində mühüm rol oynadığını qeyd edən Böyük Britaniya, Azərbaycanı ATƏT/DTİHB yekun tövsiyələrini dərc etdikdən sonra onları həyata keçirmək üçün təşkilatla işləməyə qətiyyətlə təşviq edir.
“Azərbaycan Böyük Britaniya üçün mühüm tərəfdaşdır və biz onların seçki islahatlarını və demokratik prosesin təkmilləşdirilməsini dəstəkləməyə hazırıq”, sonda bəyanatda qeyd edilir.
ATƏT/DTİHB müşahidəçiləri Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərini məhdud şəraitdə həqiqi siyasi alternativlərin olmaması ilə xarakterizə ediblər.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 7 fevral seçkilərində səslərin 92.12 faizini toplayaraq beşinci dəfə prezident seçilib.
MSK rəsmiləri seçkilərdə ciddi qanun pozuntularının olması ilə bağlı bu quruma şikayətlərin daxil omadığını bildirib.
Rəsmilər ölkədə azad, ədalətli və demokratik seçkilər üçün qanunvericiliyin tələblərinə uyğun olaraq hər cür şəraitin yaradıldığını bəyan edib.
***
Avropa İttifaqı Azərbaycan hakimiyyətini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının 7 fevralda keçirilən prezident seçkiləri və əvvəlki seçkilərlə bağlı tövsiyələrini yerinə yetirməyə çağırıb.
ATƏT/DTİHB müşahidə missiyası İlham Əliyevin qələbəsi ilə nəticələnən növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə və əsas hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşma, ifadə və media azadlığını məhdudlaşdıran qanunlar çərçivəsində baş tutduğunu qeyd edib.
“Seçkilərə hazırlıq səmərəli idarə olunsa da, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması seçki prosesinə damğa vurdu. Seçki günü sakit və bütövlükdə nizam-intizamlı keçib, lakin müşahidəçilər məcburi prosedurlara geniş şəkildə məhəl qoyulmaması, şəffaflığın olmaması və çoxsaylı ciddi pozuntuların olduğunu bildiriblər”, Aİ-nin ötən axşam yaydığı bəyanatında qeyd edilir.
Aİ sözçüsü Piter Stano Azərbaycan hakimiyyətinə ATƏT/DTİHB missiyasının bu və əvvəlki seçkilərlə bağlı tövsiyələrini qəbul edəcəyinə və həyata keçirəcəyinə dair İttifaqın gözləntilərini xatırladıb və Aİ-nin Azərbaycan xalqının mənafeyi naminə yaxşı idarəçilik, insan hüquqları və qanunun aliliyi də daxil olmaqla Azərbaycanla dialoq və əməkdaşlıqda davam edəcəyini vurğulayıb.
Amerikanın səsi