Əfqan Sadıqovun işi üzrə məhkəmə prosesi başlayıb
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Azel.tv saytının redaktoru Əfqan Sadıqovun işi üzrə hazırlıq iclası keçirilib.
Məhkəmə müdafiə tərəfin vəsatətlərini təmin etməyib və mahiyyəti üzrə dinləmələri sentyabrın 1-nə təyin edib. Bu barədə Turan-a müttəhimin həyat yoldaşı Sevinc Sadıqova bildirib.
Xatırladaq ki, Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi rayon məhkəməsi onu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə 4 ay müddətinə həbs edib.
İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 min manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər. Sadıqovanın sözlərinə görə, onun həyat yoldaşına qarşı təxribat törədilib.
Onun sözlərinə görə, Sakit Muradov hüquq-mühafizə orqanları ilə əlbir olaraq təxribatda iştirak edib. Dünən məhkəmədən sonra Sadıqova onu açıq-aşkar bunda ittiham edib. Amma Muradov istintaqın Sadıqovun Sumqayıt şəhər İcra Hakimiyyətinin məmurlarından pul tələb etməsi haqqında versiyasını təkrar edib.
Sevinc Sadıqova sözlü atışmanın videosunu öz Facebook səhifəsində yayımlayıb.
Qeyd edək ki, Əfqan Sadıqov dövlət məmurlarının korrupsiya və kriminalda iştirakı haqqında qalmaqallı nəşrləri ilə məşhurdur. O, buna görə dəfələrlə təqib və mühakimə edilib.