Bələdiyyə sədri: Yolu təmir etmək üçün büdcədə pul yoxdur
Gədəbəy rayonunun Düzyurd kəndinin sakinləri yolsuzluqdan əziyyət çəkir.
Belediyye.netə yazan sakinlər kəndin yol infrastrukturunun olmadığından narazıdırlar.
Deyirlər ki, bu qədər əhalisi olan kəndin problemini həll etmək istəyən qurum tapmırıq. Hara müraciət edirik baxan olmur, hansı qapını döyürük üzümüzə bağlanır.
Qeyd edək ki, Düzyurd kəndindin 3000-dən artıq sakini var. Bu qədər çox əhalisi olan kəndin avtomobil yolunun təmirsiz olması sakinlərin həyat şəraitini çətinləşdirir. Xüsusən də yağmurlu günlərdə məktəblilər məktəbə gedərkən ciddi problemlər yaşanır.
Sözügedən avtomobil yolunun uzunluğu 2 km-dən çoxdur. Sakinlər aidiyyatı qurumların nə vaxtsa bu problemi aradan qaldıracağına ümid etsələr də, vəziyyət o qədər də ürəkaçan deyil.
Məsələyə münasibəti öyrənmək üçün üz tutduq Düzyurd bələdiyyəsinə. Bələdiyyə sədri Cəmil Abdullayev müsahibə verməkdən imtina etdi.
Lakin bildirdi ki, hazırda bələdiyyənin büdcəsində yetərli vəsait yoxdur. Bu səbəbdən də yolu təmir edə bilməyəcəklər.
Basta2.com