“Bacım etirazlar zamanı 3 güllə ilə öldürüldü”-Hədis Nəcəfinin bacısı
Sentyabrın 21-də Kərəc şəhərində keçirilən etiraz aksiyalarında öldürülən gənc qız Hədis Nəcəfinin bacısı Əfsun Nəcəfi “Amerikanın Səsi”nə açıqlama verib. O, bildirib ki, bacısı üç güllə ilə öldürülüb və cəsədi üzərində çox sayda ov tüfəngindən açılan qırma izi tapılıb.
Əfsun Nəcəfi deyir ki, onların valideynləri Şərqi Azərbaycan əyalətinin Miyana şəhərindən dünyaya gəlib, ailənin bütün uşaqları isə İranın Kərəc şəhərində dünyaya göz açıb.
Hədis Nəcəfinin bacısı Amerikanın Səsinə bildirib ki, atası qızının etirazlarda öldürülməsi ilə bağlı xəbəri media ilə paylaşmaması üçün İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən xeyli təzyiq, təhdid və hədə-qorxuya məruz qalıb.
İran dövlət televiziyası isə Hədis Nəcəfi və bir neçə digər qızın İran qüvvələri tərəfindən öldürüldüyünü təkzib edərək, onların “naməlum şəxslər” tərəfindən öldürüldüyünü iddia edib.
“Qızımın cəsədini görəndə qarnından, boynundan və ürəyindən 3 güllə yarası aldığını gördük. Bütün bədəni və üzündə ov tüfəngi güllələrinin izi var idi.
Biz susmuruq, biz rejim tərəfdarı deyilik”- bunu isə Hədisin anası digər qızı Şirin Nəcəfinin instagramda yayımladığı videoda bildirib.
22 yaşlı Hədis Nəcəfinin ailəsi təhlükəsizlik orqanlarının bütün təzyiqlərinə baxmayaraq təhdidləri qəbul etməyib. Onlara verilən ölüm şəhadətnaməsində ölüm səbəbi “hərbi texnikadan müharibədən kənar istifadəsi və güllə yarası” kimi qeyd edilib.
Bu şəhadətnaməni Hədis Nəcəfinin bacısı öz “İnstagram” səhifəsində paylaşıb.
“Mənim səsimi eşidən həmvətənlərimdən xahiş edirəm ki, Hədisi öz əzizləri kimi bilsinlər, onun xatirəsini yaşatsınlar.
Hədis və öldürülən bütün qızlar, fərq etmir kürdlərdən, ərəblərdən və yaxud bəluçlardan olsun, mənim bacımdırlar”-Əfsun Nəcəfi belə deyib.
Hədis Nəcəfi “Tik Tok” və “İnstagram” kimi sosial şəbəkələrdə aktiv olan, həyatından video və fotolar paylaşan gənc qız idi.
Hədis Nəcəfi müxtəlif media orqanlarında yayımlanan və onun öz şəxsi instagram səhifəsində yerləşdirdiyi son videosunda “Hazırda (etirazlara) gedirəm ki, bir neçə il keçdikdən sonra sevinəm ki, etiraz aksiyalarında iştirak etmişəm və artıq indi hər şey dəyişib” deyə bildirib.
Gunaz.tv