Sərhədə göndəriləcək Aİ missiyasının neçə üzvü olacaq
Azərbaycan-Ermənistan sərhədinə göndəriləcək missiyanın tərkibiylə bağlı razılıq əldə olunub. Bu haqda AzadlıqRadiosu Avropa İttifaqındakı (Aİ) mənbələrdən məlumat əldə edib.
Tərəflər sərhədə missiya göndərilməsinə oktyabrın 6-da Praqa sammitində razılıq veriblər.
Missiya üzvlərinin sayı 50 nəfərdən az olacaq, mənbələr belə deyirlər.
Məlumata görə, Gürcüstandakı Aİ sərhəd missiyasının bəzi üzvləri Ermənistana köçəcək. Ümumilikdə isə missiyada Aİ-nin bütün üzvlərindən təmsilçilərin olacağı bildirilir.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Aİ prezidenti Şarl Mişelin Praqada dördtərəfli görüşü, Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində keçirilib. Həmin görüşdən sonra yayılan açıqlamada Azərbaycanla Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı vurğulanırdı.
Sərhədə mülki Aİ missiyası göndərilməsi üzrə razılıq da həmin görüşdə əldə olunub. Bu aydan başlayaraq maksimum iki ay müddətinə gerçəkləşəcək missiyanın məqsədi inam yaratmaq, hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə verməkdir.
AzadlıqRadiosu