Lavrov Yerevanda İlham Əliyevin Zəngəzurla bağlı bəyanatını şərh edib

Yerevana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz erməni həmkarı ilə görüşüb. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan Rusiya nümayəndəsiylə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib.

 

O, Yerevanın Rusiya tərəfindən “hərbi-texniki əməkdaşlıq sahəsində konkret addımlar atılacağını” gözlədiyi və ticarət dövriyyəsinin artırılacağına ümid etdiyini bildirib.

 

Sergey Lavrov yerli jurnalistlərdən birinin sualına cavab olaraq, Azərbaycan dövlət başçısının televiziya müsahibəsində “Zəngəzur dəhlizi” barədə bəyanatını şərh edib.

 

İlham Əliyev bəyan edib ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. “İstəməsə, zorla həll edəcəyik,” – İlham Əliyev vurğulayıb.

 

Lavrov deyib ki, ermənistanlı həmkarı ilə post-konflikt dövrə aid bütün məsələlərə toxunublar, o cümlədən üçtərəfli razılaşmaya əsasən işlənib hazırlanmış kommunikasiyaların açılması məsələsinə. Onun sözlərinə görə, razılaşmaya görə, kommunikasiya blokadalarının aradan qaldırılması mexanizminin qarşılıqlı fayda və sırf könüllü prinsinə əsaslanması nəzərdə tutulur.

 

“Bu mexanizm, iqtisadi əlaqələrin tam açılmasına imkan verən diplomatik razılaşma və qərarlardan başqa, heç nə nəzərdə tutmur”, – Lavrov deyib. Onun sözlərinə görə, üç ölkə liderlərinin sözügedən razılaşmasına zidd olaraq qaldırılan heç bir məsələ qabaqcadan şərtləşdirilənlərin alternativi kimi qəbul edilə bilməz.

 

XİN mətbuat xidmətinin yaydığı məlumata əsasən, görüş vaxtı Ara Ayvazyan 2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfinin erməni əsirlərin qaytarmamasından gileylənib. Ayvazyan Azərbaycandan “bütün hərbi əsir və məcburi saxlanan şəxslərin qaytarılmasının vacibliyini qeyd edib”.

 

“Və bu məsələni mümkün qədər tez həll etmək lazımdır, çünki beynəlxalq humanitar hüquqların kütləvi şəkildə pozulması hallarının davam etməsi haqqında çoxsaylı məlumatlar var”, – Ara Ayvazyan deyib.

 

Onun sözlərinə görə, öz evlərinə qaytarılan məcburi köçkünlər üçün elementar yaşayış şəraitlərinin yaradılması, humanitar yardım göstərilməsi və Dağlıq Qarabağda iqtisadiyyatın bərpa edilməsi, habelə Azərbaycan silahlı qüvvələrinin nəzarəti altına düşən erməni mədəni-tarixi irsin qorunması məsələləri də aktualdır.

 

Ermənistan XİN mətbuat xidmətinin məlumatına görə, bu kontekstdə “Minsk Qrupu həmsədrlər üçlüyünün himayəsi ilə sülh prosesinin bərpa edilməsinin vacibliyi qeyd olunub”.

 

Tərəflər koronavirusa qarşı Rusiya “Sputnik-V” vaksininin Ermənistanda istehsal olunmasının təşkili məsələsini də müzakirə edib. Rusiya XİN başçısı Sergey Lavrov, koronovirus pandemiyası səbəbindən 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi həcminin azalmasına baxmayaraq, Rusiyanın Ermənistan üçün aparıcı işgüzar partnyor qaldığını qeyd edib.

 

Günün ikinci yarısında Sergey Lavrov Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.

 

Sergey Lavrovun 10-11 may tarixlərində Azərbaycana səfəri planlaşdırılır.

 

BBC