Siyavuş Novruzov: “Əcəb eləmişəm”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu gündəmin əsas müzakirə mövzularından biridir. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib, kütləvi tədbirlər, o cümlədən toylar qadağan olunub. Buna cəhd edənlər isə cəzalandırılıb.

Bu baxımdan, Ramiz Mehdiyevin nəvəsinə toy etməsi ictimai müzakirələrə səbəb olub və akademik, eyni zamanda toya qatılanlar tənqid atəşinə tutulub.

Həmin toyda Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov və həyat yoldaşı Ombudsman Səbinə Əliyeva da iştirak edib. 

Yenisabah.az YAP-çı deputatla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışıb.  

– Siyavuş müəllim, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinizə görə tənqid hədəfinə gəlmisiniz…

– O toy bütün qayda-qanunlara uyğun olaraq keçirilib. Yəni, Azərbaycan hökumətinin açıq havada oturmaqla bağlı qərarı var. O qərara əməl olunub. 

– Amma sosial şəbəkələrdə yayılan videodan görünür ki, mərasim açıq havada keçirilməyib və sosial məsafə gözlənilməyib. 

– Hamısı gözlənilib. Hər bir masanın arasında 3-4 metr məsafə var idi.

– Videoda belə görünmür axı…

 -Ola bilər sizin videoda belə veriblər.

– Bizim video deyil, toydan çəkilmiş videodur…

– Bilirsiniz, iştirak eləmişəm, düz eləmişəm.

– Siz demişdiniz ki, karantin qaydalarını pozmaqla bağlı cəzalar sərtləşdirilsin.

– Bəli, bəli. Biz hamımız məsafəni gözləmişik. O videonu kim necə çəkib özü bilər. Mən boyda kişinin sözünü qoymusan, videoya inanırsan.

– Video başqa yerdən çəkilməyib. İndi gözümüzlə gördüyümüzə inanmayaq?

– Yox, yox. Mən çəkən kimdi onu da bilirəm. Əfqanıstanda “naçalnik razvetka”nın sədri işləmişəm. Onu da bilirəm, bunu da bilirəm. Hər şey orada gözlənilib, qayda-qanuna da əməl olunub.

– Toy neçə saat çəkib?

– Mən onu deyə bilmərəm.

– Yaxşı, siz neçə saat iştirak eləmisiniz?

 – Mən onu necə deyim?! Qəzetlikdir bəyəm?! Neçə saat iştirak etməyim mənim işimdir.